Yanvarın 2-də Qazaxıstanda qazın qiymətinin iki dəfə artırılmasına qarşı kütləvi etirazlar başlayıb. Etirazlar Mangistau vilayətində başlayaraq, sürətlə genişləndi, etirazçıların siyasi tələbləri ortaya çıxdı. Yanvarın 4-də iğtişaşlar Almatıda baş verdi. Prezident Kasım-Jomart Tokayev regionlarda fövqəladə vəziyyət elan etdi və yanvarın 5-də səhər saatlarında hökumətin istefasını qəbul etdi. Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətindən sonra təşkilat Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul etdi. Onların tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan hərbçiləri daxildir.
Qeyd edək ki, KTMT nizamnaməsi üzv dövlətlərin daxili işlərinə qarışmağa imkan vermir və kollektiv müdafiə mexanizmi yalnız müttəfiqlərdən hər hansı birinə qarşı xarici təhlükə yarandığı halda işə düşür. Qazaxıstanın kənardan təhlükə ilə üzləşmədiyini nəzərə alsaq, xarici ekspertlər hesab edirlər ki, KTMT qüvvələrinin Qazaxıstanda olması qanunsuzdur və bütün bölgə üçün təhdiddir.
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Trend-ə açıqlamasında bildirib ki, KTMT-nin ilk dəfə qoşun yeritməsi və bunu kənardan işğaldan qorunmaq üçün deyil, üzv ölkədəki etirazları yatırtmaq üçün etməsi təəccüblüdür.
“Bu, Qazaxıstanda hakimiyyətə gələ biləcək istənilən hökumət üçün ölkənin Moskva, Pekin, Brüssel və Vaşinqtonla münasibətlərini balanslaşdırmaq üçün onilliklər ərzində apardığı çoxvektorlu xarici siyasətini dəstəkləmək baxımından çətinliklər yaradacaq. Bununla belə, nəzərə almaq lazımdır ki, hadisələr hələ də inkişaf edir və hələ heç kim bunun necə bitəcəyini bilmir. Qazaxıstan xalqına ən yaxşısını arzulayırıq”, – deyə Hoqland qeyd edib.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta hesab edir ki, Qazaxıstandakı vəziyyət bütövlükdə region üçün ciddi narahatlıq yaradır.
Onun sözlərinə görə, həyəcanverici məqamlardan biri KTMT qoşunlarının göndərilməsi ilə bağlı qərardır, ona görə də regionun digər ölkələrinin, eləcə də Qərbin böhran yaşayan Qazaxıstana dəstəyini bildirməsi və nümayiş etdirməsi vacibdir.
“Hesab edirəm ki, ABŞ-ın Qazaxıstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməsi dövlət katibi Blinkenin bu yaxınlarda verdiyi bəyanatda aydın görünür”, – deyə Sekuta əlavə edib.
Amerikalı ekspert Piter Teys öz növbəsində Trend-ə bildirib ki, KTMT silahlı qüvvələrinin Qazaxıstana yeridilməsi 32 il əvvəl Azərbaycan xalqının dinc etirazlarını yatırmaq üçün sovet qoşunlarının Azərbaycana qanunsuz yeridilməsini xatırladır.
“Hazırda Qazaxıstanda gördüklərimiz sadəcə olaraq ölkənin milli təhlükəsizlik qüvvələrinin asanlıqla öhdəsindən gələ biləcəyi daxili etirazlardır və xarici qoşunların müdaxiləsi qanunsuzdur. 2018-ci ilin dekabrında Belfortda sarı jiletlilərin etirazlarını yatırmaq üçün NATO silahlı qoşunları Paris küçələrinə göndərilsə, demokratik ictimaiyyətin reaksiyası necə olardı?”, – Piter Teys vurğulayıb.
KTMT bu gün bildirir ki, sülhməramlı kontingent əhali ilə toqquşmalarda və digər bu kimi məsələlərdə iştirak etməyəcək. Prinsipcə, Qazaxıstandan gələn son xəbərlərdən göründüyü kimi, bunun üçün ümumiyyətlə ehtiyac yoxdur. İş görüləndən sonra – xarici qoşunlar ölkəyə daxil olandan sonra və Qazaxıstan təhlükəsizlik qüvvələri qəfil fəallaşdı, “xalqın tərəfinə keçməyi” dayandırdı, özləri hava limanlarını və digər obyektləri azad etdilər, xuliqan kütlənin öhdəsindən gəldilər, silahlılardan “təmizləmə” əməliyyatlarına başladılar və s. Qazaxıstanın təhlükəsizlik qüvvələri bütün bunları dayandıra bilərdi, bunun üçün onların hər cür imkanları var idi. Əmrdən başqa…