Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Hadrutda heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə...

Prezident İlham Əliyev: Hadrutda heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb

186
0
SHARE

Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, – mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, – hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur. Ona görə ki, bu müharibədən sonra, əslində, biz müharibə başlayacağı halda nələr baş verəcəyi barədə dünya miqyaslı himayədarları olan Ermənistanın bütün proqnozlarını, bütün fərziyyələrini alt-üst etdik. Əlbəttə, düşünürəm ki, dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü və bu amil də rol oynadı. Ona görə ki, sentyabrın 27-də ermənilərin himayədarlarının reaksiyasını hətta mən də – bunu bilən və ya güman edə biləcək adam da fərz edə bilməzdik. Bütün bunlar öz rolunu oynadı. Buna görə də bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək”.