44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının yeni mənəvi dönüş nöqtəsidir.
Bu Zəfər qarşımızda yeni hədəflər qoyur, Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirir.
Bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bu gün zefer.az saytının təqdimat mərasimində deyib.
O qeyd edib ki, bu Zəfər regionda sülh, təhlükəsizlik, əməkdaşlıq, əminamanlıq üçün yeni perspektivlər açır. “Bu Zəfər uzun illər tapdalanan İlahi ədalətin təntənəsidir. Azərbaycan xalqı özünü heç zaman olmadğını qədər güclü və qürurlu hiss edir. Bu Zəfərin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək və ölkəmizin əhəmiyyətini daha da artıracaq, ölkəmizin tranzit əhəmiyyətini, regionun geoiqtisadi mənzərəsini tamamilə dəyişəcək. Zəfərimizin əsl qiymətini ondan bəhrələnəcək gələcək nəsillər verəcək. Düyna artıq yeni reallığı qəbul edib”, – deyə S.Yusifova bildirib.
PA rəsmisi qeyd edib ki, Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyub, işğaldan azad edilən ərazilərdə sürətli və genişmiqyaslı quruculuq və bərpa işlərini öz resursları hesabına həyata keçirir. “Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi dünya tarixində bu qədər sürətli bərpa və quruculuq işləri görülməyib. Xalqımız quruculuq işləri ilə də yeni tarix yazır. Bu Zəfər son 200 ildə formalaşdırılmış erməni miflərini darmadağın etməklə əsl kimliyimizi ortaya qoymağa imkan verdi”, – deyə o qeyd edib.