Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib

Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib

181
0
SHARE

İranın yol və şəhərsalma naziri, İran – Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib. Onlar cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həmin ərazilərdə həyata keçirilən nəqliyyat və digər infrastruktur layihələri ilə tanış olublar.

İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib, cəmi 9 ay ərzində inşa olunduğu diqqətə çatdırılıb.

Sonra nümayəndə heyətləri Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda Beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Tanışlıq zamanı layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.

Qonaqlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa edilməkdə olan ikinci​ hava limanı – Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olublar.

Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmir yolu layihəsinə baxış keçirilib, avtomobil və dəmir yolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.

İşğaldan azad edilmiş ərazilərə səfər boyu qonaqlara ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər barədə məlumat verilib. Səfərin sonunda nümayəndə heyəti Füzuli şəhəri ilə tanış olaraq bütün yaşayış və infrastruktur obyektləri, o cümlədən məscidlərin tamamilə dağıdıldığının canlı şahidi olublar.