Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanda yoluxma bu templə davam edərsə bəzi müəssisələrdə lokal qapanmalar yarana bilər

Azərbaycanda yoluxma bu templə davam edərsə bəzi müəssisələrdə lokal qapanmalar yarana bilər

221
0
SHARE

Koronavirus infeksiyası artıq yeni bir ştam vasitəsilə dünyada yenidən alovlanmaqdadır. Bir aya yaxındır ki, bir çox Avropa ölkəsində “omikron” ştamı sürətlə yayılmaqdadır və yanvarın ikinci yarısından başlayaraq Azərbaycanda da yoluxma halları müşahidə olunur. Bu yeni bir mutasiyadır, yoluxma intensivliyi yüksəkdir. Amma xəstəliyin klinikası nisbətən yüngül keçir. Yaxın kontaktda olanların, yəni ailə üzvlərinin, bir kollektivdə çalışan, avtonəqliyyat vasitələrindən birgə istifadə edən insanların yoluxması həddindən artıq surətlə gedir. Yoluxmanın son günlərdə üç mini keçməsi onu göstərir ki, bu, yaxın həftələrdə də eyni templə davam edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, test müayinələrinin sayı artırılmalıdır ki, ölkədəki həqiqi vəziyyət bilinsin. Eyni zamanda, bir çox vətəndaşlarımız xüsusən, kənd və rayon yerlərində olan insanlar bu xəstəliyi adi soyuqdəymə və qrip kimi qarşılayaraq heç “omikron” ştamına yoluxmasından xəbəri olmur. Bununla da xəstəliyi ətrafdakılara da ötürürlər. İstənilən halda bu, ağır fəsadları olan xəstəlikdir. “Omikron” əvvəlki stamlardan xüsusilə “delta”dan nisbətən yüngül keçir. İstənilən halda profilaktik addımların atılması və lazımi müalicələrin görülməsi də şərtdir. “Omikron” ştamında ağırlaşmalar çox olmadığına görə klinikalarda müalicəyə cəlb olunanların sayı o qədər çox deyil. Amma bu templə gedərsə poliklinikaların yükü daha da artacaq. Eyni zamanda, bizim qanunvericiliyə görə koronavirusa yoluxan şəxslərin müalicəsi həm amblator, həm də stasionar şəraitdə dövlət vəsaiti hesabına həyata keçirilir. Bu da dövlətin sosial müayinə yükünü olduqca ağırlaşdıra bilər. Digər bir təhlükə kollektivlərin kütləvi şəkildə yoluxması, iş yerlərinin dayanmasına, yaxud da işlərin müəyyən qədər təxirə salınmasına gətirib çıxarır ki, bu da iqtisadi-sosial gərginlik yarada bilər.

“Artıq dünyanın müxtəlif yerlərində şirkətlərin, universitetlərin, müəssisələrdə tədris və yaxud istehsalat prosesinin dayanması, onlayn məsafədən iş rejiminə keçid halları müşahidə olunur. Azərbaycanda da yoluxma bu templə davam edərsə bəzi müəssisələrdə lokal şəraitdə qapanmalar, eyni zamanda, distant işin təşkil olunmasına ehtiyac yarana bilər. Ancaq ötən iki ilin təcrübəsi göstərir ki, sərt qapanma rejimindən sonrakı dövrdə yenidən yoluxma sayında artımın şahidi ola bilirik. Bu, praktik olaraq həm iqtisadi, həm də sosial cəhətdən heç bir effekt göstərmir. Bu istiqamətdə çıxış yolumuz ənənəvi profilaktikanı daha da artırmaqdan ibarətdir. Vaksinasiya sürətləndirilməli və genişləndirilməlidir. Dövlətin kifayət qədər vaksin ehtiyatı var. Bütün bunlar pulsuz paylandığına görə vətəndaşlarımızdan yalnız sosial məsuliyyət tələb olunur. Eyni zamanda, bu sahədə maarifləndirmə işlərini daha da artırmalıyıq. Yaxşı olardı ki, televiziya kanallarında sosial reklam rolikləri daha da genişlənsin.

Nazirlər Kabinetinin qərarına görə fevralın 15-dən sonra yalnız buster doza bir çox iş və müəssisələrə buraxılış üçün əsas olacaq. Ona görə də gərginlik yaranmaması üçün “buster” doza ilə peyvənd edilməyənlər indidən vaksinasiya olunmalıdır. Sosial məsafələrin qorunması çox vacibdir. Zərurət olmadığı halda toplantılara getmək lazım deyil. Təəssüflər olsun ki, yas mərasimlərində çoxlu yoluxma hallarının olduğunu müşahidə edirik. Belə mərasimlərinin keçirilməsi ilə əlaqədar hökumətin verdiyi qərarlara riayət olunması lazımdır”, – deyə Milli Məclisin komitə sədri vurğulayıb.