“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qlobal böhran şəraitində təsdiqlədiyi sosial dəstək proqramları bu gün real nəticələrini verir və xalq tərəfindən böyük rəğbətlə qarşılanır. Əhalinin sosial müdafiəsinin təşkili və sosialyönümlü siyasətin sistemli şəkildə həyata keçirilməsi dövlətin əsas vəzifələrindən hesab olunur və daim diqqətlə saxlanılır”.
Bu sözləri tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Millət vəkili qeyd edib ki, ölkə başçısının sosial islahatlar çərçivəsində gördüyü tədbirlərdə şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi qayğı mühüm yer tutur və bu istiqamətdə xidmət səviyyəsi ildən-ilə yüksəlməkdədir:
“Postmüharibə dövründə bu kateqoriyadan olan 45 min şəxsə 50 min növ xidmət göstərilməsi, şəhid ailələri üzvləri olan 7942 şəxsə 15840 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlilliklə bağlı sosial ödəniş təyinatlarının həyata keçirilməsi, keçən il 3 min nəfərə, bu gün kimi 7400, ötən il 164 nəfər müharibə əlilinə minik avtomobilin verilməsi bu qayğı və diqqətin göstəricisidir. 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, 6 minədək şəxs özünü məşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. Bu kateqoriyadan olan insanların sağlamlığı üçün vacib tədbirlər həyata keçirilib. Göründüyü kimi şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı dövlətin birinci dərəcəli vəzifəsi hesab olunur və sosial dəstək bundan sonra da genişləndiriləcəkdir. Çünki vətənimizin, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar, mübarizə aparanların hər birinin xatirəsi bizim üçün əzizdir, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək vermək dövlətlə bərabər hər bir vətəndaşın şərəf borcudur”.