Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)

261
0
SHARE

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov şərəf kitabını imzalayıb.

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub.

İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib. H.Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

General-polkovnik Z.Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın Müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb.
Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.

Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.