Home Biznes və iqtisadiyyat xəbərləri Vüqar Rəhimzadə: Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər...

Vüqar Rəhimzadə: Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır

181
0
SHARE

“Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən 30 illik dövrdə keçdiyi inkişaf  yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır” tezisi gənclərimizin fəaliyyətinin əsas prinsipinə çevrildi, dövlətin onlara göstərdiyi inam və etimadı doğrultmaq üçün ölkə həyatının bütün sferalarında fəallıqlarını daha da  artırdılar. Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin  ən fəal hissəsidir.”

 Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Fərmanı əsasında 2 fevral Gənclər Gününün təsis edilməsi, ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə  2007-ci ilin “Gənclər İli”, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi gənclərə göstərilən böyük etimadı bir daha nümayiş etdirdi:  “Gənclər ölkənin inkişafında, ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının möhkəmlənməsində  fəallıq göstərirlər.

Hakimiyyətinin birinci dövründə gənclərin formalaşmasına, təhsilinə xüsusi diqqət göstərən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qaydışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsini əsas məsələ kimi öndə saxladı. Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ümummilli Lider bu tezisi xüsusi qeyd etdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Son 18 ildə gənclər siyasətinin dövlət başçısı İlham Əliyevin təkmil islahatları əsasında daha da yenilənməsi, təkmilləşməsi gənclərin qarşısında geniş imkanlar açır. Hazırkı dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq gənclər müasir dövrün tələblərinə uyğun addımları ilə ölkənin inkişafına öz töhfələrini verirlər.”

YAP Xətai rayon təşkilatının sədri  gənclərin ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısı kimi ölkənin avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının sıralarında böyük çoxluq təşkil etməsinin qürurverici olduğunu önə çəkərək bildirib ki, Ümummilli Lider daim bu çağırışı edirdi ki, partiyada gənclərin təmsilçiliyinə xüsusi diqqət yetirilməlidir: “1995-ci ildə partiyanın nəzdində Gənclər Birliyinin yaradılması da bunun əsas göstəricisidir. Gənclər partiyada təmsil olunmaqla öz potensial imkanlarından maksimum istifadə etmək imkanları qazanır, Heydər Əliyev ideyalarını uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla addımlayırlar. Bugünün gəncliyi yeni düşüncəli, həyata müasir baxışı ilə diqqət çəkir. Məhz bu yanaşmalar dövrün reallıqlarının gerçəkləşməsinə öz dəstəyini göstərir. Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan üzvlərin 40 faizindən çoxunu gənclər təşkil edir. YAP Xətai rayon təşkilatı olaraq gənclərlə işə xüsusi önəm verir, onların inkişafı,  potensial imkanlarının ortaya qoyulması üçün müxtəlif layihələr, tədbirlər həyata keçiririk.”

“Bugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli işləri ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  ölkəmizdə gənclərə dövlət quruculuğu işlərində  daha çox üstünlük verilməsi yeni nəslə inam və etimaddan qaynaqlanır. Fəaliyyət göstərdikləri  sahələrdə etimadı doğruldan, ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edən gənclərimiz bütün potensial imkanlarını nümayiş etdirirlər.  Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik baxımından gənc ölkə olan Azərbaycanın əhalisinin xeyli hissəsini  dinamik və fəal gənclər təşkil edir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan dövlətinin  gənclərə inamı, etimadı  44 günlük İkinci Qarabağ müharibəsində   Zəfərimizlə  təsdiqləndi: “30 illik torpaq həsrətinə son qoyan  Azərbaycan Ordusunun sıralarında mətinlik göstərən gənclərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız öz sahiblərinə qayıtdı.  Hərbi əməliyyatlar zamanı düşmənə ağır  zərbə vuran, ermənilərin  himayədarlarının dəstəyi əsasında yaratdıqları keçilməz istehkamlarını məharətlə yaran əsgər və zabitlərimiz torpaqlarımızı canları, qanları  bahasına düşməndən azad etdilər. Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhu qarşısında baş əyir,  qazilərimizə Allahdan şəfa diləyirik. 44 günlük Vətən müharibəsinin hər gününü tarixə Zəfər günü kimi yazan Azərbaycan Ordusu bir an belə geri çəkilmədi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində hər zaman yer alan  “Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik” sözləri  gənclərin döyüş ruhunun tükənməzliyinin təqdimatı idi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Dövlət başçısı  İlham Əliyevin sərəncamları ilə döyüşlərdə qəhrəmanlıq göstərən hərbçilərimizə Vətən Müharibəsi Qəhrəmanı adının verilməsi, müxtəlif orden və medallarla təltif olunmaları, onlara xüsusi imtiyazların verilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, avtomobillərlə təmin olunmaları dövlətin bu kateqoriyadan olanlara  diqqət və qayğısı ilə yanaşı, Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin yüksək səviyyədə dəyərləndirilməsinin nümayişidir.”

“Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin hamisidir” söyləyən  Vüqar Rəhimzadə bildirib ki, bunun üçün son 18 ildə Prezident İlham Əliyevin  gənclərin inkişafına xidmət edən Fərman və sərəncamlarının, təsdiqlədiyi Dövlət proqramlarının xronologiyasına diqqət yetirmək kifayətdir: “Bu və bir sıra digər mühüm sənədlərin qəbul olunması və uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin gənclər siyasətində  onların xaricdə təhsili, eyni zamanda, yüksək ixtisaslı kadr kimi  yetişdirilməsi əsas yer tutur.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində  Azərbaycan gəncləri dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olublar.  “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında”  30 sentyabr 2021-ci il tarixli  Sərəncamda da  gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub.”

YAP Xətai rayon təşkilatının sədri keçilən yola qısa baxış fonunda bu ümumiləşdirməni aparıb ki,  gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənc kadrların irəli çəkilməsi siyasəti öz müsbət nəticələrini göstərir.  Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Qalib ölkənin gəncliyi tarixi Zəfərimizin yaratdığı reallıqların yüksək səviyyədə təqdimatında və təsdiqində fəal iştirak edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunan, dövlət maraqlarını hər şeydən üstün tutan gənclikdir.