Home Biznes və iqtisadiyyat xəbərləri Vətən müharibəsi şəhidi Cavid Manafovun doğum günündə xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Cavid Manafovun doğum günündə xatirəsi anılıb

289
0
SHARE

Fevralın 4-də Nizami rayonunda Vətən müharibəsi şəhidi Manafov Cavid Faiq oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Keşlə qəsəbəsində şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, sonra yaşadığı binada inşa edilmiş xatirə kompleksinin qarşısında  tədbir təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayonun şəhid ailələri, qaziləri, 145 və 238 saylı orta məktəblərin şəhidin adına verilmiş siniflərinin müəllimləri, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Abidə kompleksinin önünə gül dəstələri düzülüb. Sonra çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.

Qeyd ediblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.

Şəhid Cavid Manafovun ailə üzvləri də çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar. Həmçinin şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə məktəblilərin hazırladıqları vətənpərvərlik şeirləri səsləndirilib.

Qeyd edək ki, Cavid Manafov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, qəhrəmancasına şəhid olub. Cavid Manafov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Şücaətə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.