Home Biznes və iqtisadiyyat xəbərləri “Media haqqında” Qanunda təsbit olunan 78 maddənin hər biri bir yenilik, gələcəyə...

“Media haqqında” Qanunda təsbit olunan 78 maddənin hər biri bir yenilik, gələcəyə çağırışdır – Vüqar Rəhimzadə

169
0
SHARE

Dövlət başçısı İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi. Yeni Qanunun qəbulunu zəruri edən səbəblər və perspektivlər barədə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Ümumi rəy bundan ibarətdir ki, hər dövrün, zamanın öz tələbləri var. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda məlum olur ki, 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunla sonadək addımlamaq mümkünsüz idi. Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə dəyişiklik edildiyi faktdır. Bu müddət ərzində digər sahələr kimi, mətbuatda da çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Təbii ki, sözügedən qanuna edilən əlavə və dəyişikliklər bu çağırışları yüksək səviyyədə cavablandırmaq imkanlarına malik ola bilməzdi. Yeni qanunun qəbulu məhz bu zərurətdən yarandı və artıq bu sənədin medianın inkişafına böyük yol açacağı barədə müsbət fikirlər səslənməkdədir. Qanunun özündə ehtiva etdiyi 78 maddəyə, eyni zamanda, müddəalara diqqət yetirdikdə media sahəsində gələcək inkişaf barədə aydın təsəvvür yaranır. Əsas olan budur ki, hər bir mətbu orqan, hər bir jurnalist yeni qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini versin.

Bu fikirləri tan.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin bərpasından ötən 30 illik dövrə nəzər salsaq Azərbaycanda müstəqil mətbuatın inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu görərik: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti bu sahədə də davamlı uğurlara yol açdı. Son 18 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuatın inkişaf səviyyəsində də özünü aydın şəkildə göstərir. Qeyd etdiyim kimi, mətbuat azadlığı hər bir ölkədə insanların öz fikirlərini sərbəst ifadə etmək arzusunu gerçəkləşdirir. Azad mətbuatın mövcud olduğu ölkələrdə təbii ki, demokratiya və siyasi plüralizm mühiti yaradılır. Təqdirəlayiq haldır ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır.”

Baş redaktor bütün dövrlər üçün Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntilərinə də diqqət yönəldib: “Bu gözləntilər ondan ibarətdir ki, milli informasiya təhlükəsizliyi qorunsun, dövlətin, xalqın maraqları daim öndə dayansın, peşə etikasına riayət edilsin, media jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürsün. Gözləntilər sırasında milli ruhun, vətənpərvərliyin təbliği də əsas yer tutur. Yeni qanunda bu gözləntilərin həyata keçirilməsinə yönələn mexanizmlər daha təkmil formada öz əksini tapıb. Bir məqamı da xüsusi vurğulamalıyıq ki, biz bu gün qalib Azərbaycanın mətbuatından bəhs edirik. Təbii ki, qanunda postmünaqişə dövrünün reallıqlarının gerçəkləşməsinə medianın da töhfələri nəzərə alınaraq bu istiqamətdə görüləcək işlər xüsusi yer tutur. Azərbaycanın tarixi Zəfəri birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Döyüş meydanında Zəfər çalan Azərbaycan informasiya cəbhəsində mübarizəsini bu gün də uğurla davam etdirir. Artıq müharibə başa çatıb, yeni reallıqlar mövcuddur. Məhz bu reallıqlar mətbuatın inkişafında yeni mərhələnin başlanmasını şərtləndirdi ki, bu da öz növbəsində yeni qanunda bununla bağlı maddənin təsbit olunmasına yol açdı.”

Vüqar Rəhimzadə reallıqlara söykənərək vurğulayıb ki, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu hazırkı şəraitdə medianın üzərinə düşən vəzifələr nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır: “Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir. Bu gün siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, özünün gündəlik fəaliyyətində vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalı, yeni qanunun tələblərinə əməl etməlidir.”

Baş redaktor bu məqamı da qeyd edib ki, bu gün yeni texnologiyaların tətbiqi aktual tələblərdən biridir: “Hazırda dünyanı bürüyən, insanların sağlamlığına və iqtisadiyyata böyük ziyan vuran pandemiya şəraitində yeni texnologiyalar hər bir ölkənin gələcək inkişafı üçün önəmini təsdiqləyir. Müasir texnologiyalar imkan verir ki, internet jurnalistikasının əhatə dairəsi də genişləndirilsin. Bu gün artıq həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr, informasiya məkanında inqilab adlandırılan internet ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Əsas məsələ hər bir mətbu orqanın internetdən istifadə zamanı informasiyanı əldə etmək və yaymaqla bağlı məsuliyyətini dərindən dərk etməsidir. Yeni qanun bu məsələlərin həllində də öz sözünü deyəcək. Eyni zamanda bu qanun informasiya mühitinin sağlamlaşmasını, informasiya resurslarımızın güclənməsini, jurnalistlərin statusunun yüksəldilməsini, imicinin yaxşılaşmasını və nüfuzunun güclənməsini təmin edəcək. Bu baxımdan Media Reyestrinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsi və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək. Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından önəm kəsb edir. Digər tərəfdən, bu Reyestrin formalaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq və pərakəndəliyin qarşısını alacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi bu sahədə mövcud olan neqativ halların aradan qaldırılmasını təmin edəcək. Digər vacib məqam dövlətin jurnalistlərə güzəştli ipotekadan faydalana bilmək hüququ verməsidir. Hesab edirəm ki, bu, Azərbaycan Prezidentinin media mənsublarının sosial problemlərinin həllini daim diqqətdə saxlamasının daha bir əyani göstəricisidir.

Ümumilikdə, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 78 maddəsinin hər biri bir yenilik, gələcəyə çağırışdır. Çalışaq ki, o çağırışları müstəqil, qalib Azərbaycanın mediası olaraq yüksək səviyyədə cavablandıraq. Bunun üçün hər bir sahənin, o cümlədən mətbuatın inkişafına xidmət edən qanunlarımız masaüstü kitabımıza, hər bir maddəsi fəaliyyətimizdə əsas prinsipə çevrilməlidir. Təbii ki, mətbuatda müəyyən boşluqlar var idi. Şübhə yoxdur ki, “Media haqqında” Qanun həmin boşluqları aradan qaldıracaq və mətbuatımız yeni inkişaf dövrünü yaşayacaq.”