Cəmiyyət Ramiz Mehdiyevin personasını qəbul etmir. Getməlidir! – Musa Urudun yazısı
“Üzüsulu getmək üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı”
Cəmiyyət Ramiz Mehdiyevin personasını qəbul etmir. Getməlidir!
Ramiz Mehdiyev getməli idi, karantin dövründə nəvəsinə dəbdəbəli toy edəndən sonra getməli idi.
O toy təkcə karantin qaydalarını pozmaq deyildi, həm də cəmiyyətə meydan oxumaq idi, “mən qanundan və ictimai rəydən yuxarıdayam” demək idi.
Getmədi, ancaq üzüsulu gedə bilərdi. Şansını qaçırtdı.
Hər halda, üzüsulu getmək, üzü tüpürcəkli getməkdən min dəfə yaxşı olardı.
Ramiz Mehdiyev Prezident Adminstrasiyasındakı vəzifəsindən də vaxtında və üzüsulu gedə bilərdi. Getmədi. Yalnız əlləri əsməyə, ayaqları büdrəməyə başlayanda yola salındı. İnsaf naminə demək lazımdır ki, layiq olduğundan qat- qat yüksək hörmət və təltiflərlə. Yola salındı, amma yolunu düz tapmadı, sapdı. O yolunu evinə salmalı idi, ömrün qalan hissəsini rahat, səssiz və pisliklərsiz yaşamaq üçün evinə, bağına, kəndinə dönməli idi. Yenə yanlış yapdı. Bəlkə də içində həsədlə yaşatdığı Prezidentlik arzusuna çatmağı Akademiyanın Prezidenti olmaqla reallaşdırmaqla təskinlik tapmaq üçün AMEA-ya getdi. Getməməli olduğu yerə getdi. Gərək getməzdi. Getməsəydi, unudulacaq, bu çirkinliklər də olmayacaqdı.
Bu çirkinliklər heç kəsə lazım deyildi.
Özünü böyük görmək, qumdan, torpaqdan düzəltdiyi kiçicik evcikləri böyük saraylar kimi təqdim etmək uşaqlara xas xüsusiyyətdir. Reallıqları düzgün qiymətləndirməmək yaşlı adamın ağılsızlığı və bədbəxtliyidir.
AMEA- nın məlumatını oxuyub yenə təəssüf hissi keçirirəm. Təbi ki, bu Akademiyanın mətbuat xidmətinin məlumatı adı ilə paylaşılan hikkəli yazını Ramiz Mehdiyevin özü yazıb. Hətta yaşının doğurduğu təbii diqqətsizlikdən, iki yerdə “mən’ şəxs əvəzliyini də redaktə etməyib. Məlumatda Ramiz Mehdiyev haqqında yazıların sifarişli olduğu xüsusi vurğulanır. Bəli, bu yazılar sifarişdir. İçtimai-sosial sifarişdir! Alim də, yazıçı da, deputat da, jurnalist də Ramiz Mehdiyevə “get” deyir və bu çağırışlar azalmır ki, artır. Bu dirənişlə Ramiz Mehdiyev nəyə nail olmaq istəyir?
Bəzi çağırışlarda eşidirik: urvatlı getsin! Urvat, xətir- hörmət qoyubmu ki, urvatlı gedə bilsin?
Bu dirənişdə Ramiz Mehdiyevi neçə alim, ziyalı, deputat, yazıçı müdafiə edib? Hətta Prezident Adminstrasiyasının rəhbəri olarkən dəstək verdiyi, himayə etdiyi adamlar da onu müdafiə etmir.
Ramiz Mehdiyevin saman çöpü kimi “Xural tv” və Əvəz Zeynallıdan yapışması taleyin açı və sərt ironiyası deyilmi?
Təcrübəli, dünya görmüş, bilikli, ağıll adam özünü niyə belə gülüş və rişğənd hədəfinə çevirməlidir? Bu adam, onun yaxınları ictimai əhval-ruhiyyəni görmürlərmi?
AMEA- nın Ramiz Mehdiyevlə bağlı məlumatında adı çəkilən, böhtan atılan deputat həmkarlarım (ən azı ” saxta deputat” və ” troll” sözlərinə görə) və MSK bu iddiaları hüquqi müstəvidə sorğulamalı, “cib, avtobus müxalifəti” adlandırılaraq aşağılanan partiyalar da təhqirə görə cavab istəməlidirlər. Bu sözləri axmaq və tərbiyəsiz, düşmən maliyəsi hesabına fəaliyyət göstərən bloqqerlərdən eşitməklə, Milli Elmlər Akademiyasının rəsmi saytından oxumaq, razılaşarıq ki, fərqli şeylərdir. Bəlkə, Elmlər Akademiyasının da avtobus sürücüsü və konduktoru səviyyəsində düşüncə və mədəniyyət sərgiləməsi Ramiz Mehdiyevin bu elm ocağına yeni tohfəsidir?
Bir daha əvvəl də söylədiyim fikrimə qayıdıram ki, Ramiz Mehdiyevin personasını cəmiyyət qəbul etmir. O kənara çəkilməli, yaxud itələnməlidir. Akademiyada mənəvi təmizlik və dezinfeksiya işləri aparılmalıdır.
Akademiyanın həqiqi, müxbir üzvləri, institut direktorları ləngimədən bu elm ocağının ümumi yığıncağını keçirməli, məsələyə obyektiv qiymət verməli, ölkəmizdə gedən dərin islahatlar, şəffaflıq, idarəetmədə gəncləşdirmə siyasətinə adekvat qərar qəbul etməlidirlər.
Akademiyanın rəhbərliyi gəncləşməlidir, dinamizm artmalıdır, səmərəli fəaliyyət və beynəlxalq əməkdaşlıq yeni mərhələyə qaldırılmalıdır.
Musa URUD,
Milli Məclisin üzvü