Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev: Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda...

Prezident İlham Əliyev: Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb

123
0
SHARE

Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb.

Bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə – AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

“Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyillərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır. Eyni zamanda, ölkə iqtisadiyyatı artır, sənaye potensialı artır. Keçən il biz xalqımızı gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək. Yanvar ayı ilin başlanğıcıdır. Dünyanın istənilən ölkəsində yanvar ayında iqtisadi artım templəri adətən o qədər güclü olmur, o cümlədən Azərbaycanda. Amma qeyd etdiyim bu göstəricilər, necə deyərlər, özlüyündə bir nəticədir.

Əlbəttə ki, artan sənaye artan generasiya gücləri tələb edir. Məhz biz buna görə belə nəhəng obyektləri inşa edirik. Artan daxili tələbatı belə gözəl enerji stansiyaları ilə təmin edəcəyik. Eyni zamanda, qeyd etdiyim kimi, bizim enerji gücümüzə xaricdə tələbat artır. Bizim 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır – Türkiyə, Rusiya, Gürcüstan və İran. Qeyd etdiyim kimi, 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac etmişik. Bizim həm neft, həm qaz, həm elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir.

Əlbəttə ki, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik. Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq”.