Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə iki günlük rəsmi səfərə yollanacaq.
Səfər ikitərəfli münasibətlərin normallaşmasından və qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı qərarlardan sonra həyata keçirilir.
İki ölkə arasında münasibətlərin normallaşması R.T.Ərdoğanın 2021-ci il avqustun 18-də BƏƏ-nin milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyanı qəbul etməsindən sonra başlayıb.
Daha sonra 2021-ci il avqustun 31-də Türkiyə dövlətinin başçısı ilə Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.
Noyabrın 24-də Əl-Nəhyan Ankaraya rəsmi səfər edib.
R.T.Ərdoğanın BƏƏ-yə səfərinin Ankara ilə Əbu-Dabi arasında ikitərəfli münasibətlərə müsbət təsir edəcəyi gözlənilir.
Əl-Nəhyan fevralın 14-ü Türkiyə Prezidentini rəsmi mərasimlə qarşılayacaq.
İki liderin təkbətək və geniş tərkibdə görüşü olacaq.
R.T.Ərdoğan və Əl-Nəhyanın iştirakı ilə razılaşmalar və memorandumların imzalanması mərasimi keçiriləcək.
Əl-Nəhyan ali qonağın şərəfinə şam yeməyi təşkil edəcək.
Türkiyə dövlət başçısı BƏƏ-yə səfərinin ikinci günündə Dubaya gedəcək və burada EXPO-2020 ümumdünya sərgisini ziyarət edəcək.
Dövlət başçısını səfərdə Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum müşayiət edəcək.
R.T.Ərdoğan sənayeləşmənin simvolu, texniki və texnoloji nailiyyətlərin nümayişi üçün açıq platforma olan beynəlxalq sərgi çərçivəsində “Türkiyə Milli Günü”nün açılışında iştirak edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ və Azərbaycan pavilyonlarını da ziyarət edəcəyi gözlənilir.