ABŞ və Türkiyə Qafqazda və Şimali Afrikada birlikdə fəaliyyət göstərir və ABŞ bu münasibətlərin faydasını görür.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfiri Ceffri Fleyk “Anadolu” agentliyinə müsahibəsində deyib.
“ABŞ və Türkiyə olaraq yaxın münasibətlərimizin faydasını görürük. Təhlükəsizliyimiz güclənib. Türkiyə 70 ildir ki, NATO üzvüdür, ona görə də bu sahədə bir çox ortaq maraqlarımız mövcuddur”, – deyə səfir bildirib.
Amerikalı səfir, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini çox yaxşı hadisə adlandırıb.
“Biz bu prosesi məmnuniyyətlə qarşılayırıq. Birincisi Rusiyada baş tutmuş, ikincisi isə Vyanada keçiriləcək xüsusi nümayəndələrin görüşü bizi sevindirir. İstanbulla Yerevan arasında birbaşa uçuşların başlaması da çox vacib addımdır”, – səfir deyib.