Home Biznes və iqtisadiyyat xəbərləri Müttəfiqlik etibarlı dostluq deməkdir

Müttəfiqlik etibarlı dostluq deməkdir

210
0
SHARE

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər iki ölkənin xalqlarının həyatında mühüm əhəmiyyət kəsb edən tarixi sənəddir. Müstəqil suveren Azərbaycanla Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan Moskva Bəyannaməsi uzun illər davam edən tarixi əlaqələri yeni bir müstəviyə, strateji əməkdaşlıq səviyyəsinə daşıyan siyasi-hüquqi platforma olacaqdır.

Bu Bəyannamənin imzalanması Azərbaycanın xarici siyasət sahəsində ardıcıl fəaliyyətinin növbəti uğuru və cənab Prezident İlham Əliyevin diplomatik qələbəsidir. Azərbaycan xarici siyasətdə milli maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərə həmişə üstünlük verir və bu münasibətlərin beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şərtlər çərçivəsində qurulmasına tərəfdardır.
44 günlük Vətən müharibəsi də göstərdi ki, qələbə üçün diplomatik cəbhə də döyüş meydanı qədər əhəmiyyətlidir və düzgün qurulmuş strategiya hər şeyi həll edir.
Rusiya Azərbaycanın yaxın qonşusu və müxtəlif sahələrdə uzun illər əməkdaşlıq etdiyimiz güclü dövlətdir.
Rusiya ilə münasibətlərimiz uzun illərdir ki, artan xətlə inkişaf edir və dövlətlərimiz arasında 245 müxtəlif xarakterli sənədlər imzalanmışdır, ölkələrimiz bir çox müxtəlif platformalı beynəlxalq qurumlarda birgə təmsil olunur, əməkdaşlıq edirlər.
Rusiyada 2 milyona yaxın soydaşımız yaşayır və işləyir. Heç şübhəsiz ki, Rusiya ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması bu ölkədə yaşayan azərbaycanlıların siyasi, hüquqi, iqtisadi və sosial statusuna öz müsbət təsirini göstərəcəkdir.
Rusiya Azərbaycanın ən yüksək səviyyədə əməkdaşlıq etdiyi iqtisadi partnyorudur.
Bu müqavilə iqtisadi və ticarət münasibətlərimizin daha optimal faydalı şərtlərlə inkişaf etməsinə siyasi-hüquqi baza yaradacaqdır.
Humanitar, sosial, mədəni, turistik əlaqələrin möhkəmlənməsi üçün münbit şərait yaranmışdır və bu münasibətlər ölkələrimiz və xalqlarımız arasında etimadı və dostluğu daha da artıracaqdır.
Bu müqavilə Ermənistanla münasibətlərin normallaşmasına, ərazi bütövlüyünün, suverenliyin, sərhədlərin qarşılıqlı tanınmasına, nəqliyyat- kommunikasiya xətlərinin, o cümlədən, Zəngəzur dəhlizinin açılmasına təsir imkanlarımızı daha da artıracaqdır. Keçmiş münaqişə bölgəsində həlli başa çatmayan məsələlərin, o cümlədən, Qarabağdakı cinayət əməllərində iştirak etməməş ermənilərin Azərbaycanın qanun-qaydaları ilə yaşamaq zərurətini revanşist güclərə başa salmaq üçün bu müqavilənin müddəaları tutarlı sənəd kimi əhəmiyyətlidir.
43 maddədən ibarət müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin bütün bəndləri Azərbaycan üçün faydalıdır.
Əslində Bəyannamənin 1- ci bəndində qeyd olunan “hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar” müddəası bu sənədin məğzini və mahiyyətini tam izah edir.
Bu Bəyannamənin imzalanması Azərbaycanın bölgədə nüfuzunu daha da gücləndirəcək, Ermənistan üzərindəki siyasi- diplomatik üstünlüyümüzü daha da artıracaq, oradakı revanşist qüvvələrin son ümidini də dəfn edəcək, Rusiya ilə münasibətlərimizi daha etibarlı, strateji əməkdaşlıq səviyyəsinə qaldıracaqdır.
Milli maraqlarımızı həmişə və hər şeydən üstün tutan, qoruyan, inkişaf etdirən cənab Prezident İlham Əliyevin imzası hər zaman xalqımız üçün faydalı olmuşdur və Moskva Bəyannaməsi də dünyanın bu qarışıq zamanında ölkəmiz üçün etibarlı təminatlar yaradacaqdır.
2021- ci ilin 15 iyununda imzalanmış tarixi “Şuşa Bəyannaməsi” və 22 fevral 2022- ci il tarixli Moskva Bəyannaməsi qardaş Türkiyə və dost-qonşu Rusiya ilə – bölgənin hər iki nəhəng gücləri ilə gücümüzü birləşdirmək, əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaqla bizi dünya güclərinin hesablaşacağı bir qüvvəyə çevirəcəkdir!
Bu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin növbəti diplomatik uğurudur və millətimizə böyük fayda, tərəqqi və xöşbəxtlik gətirəcək yeni tarixi mərhələnin başlanğıcıdır.