Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq FOTO

Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq FOTO

175
0
SHARE

Xətai Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib

Azərbaycan və bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının  30-cu ildönümü ilə bağlı Sərəncamına uyğun olaraq hazırlanan Tədbirlər Planı çərçivəsində  faciənin əsl mahiyyətinin, günahkarlarının bir daha dünyaya çatdırılması məqsədilə paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir, erməni vəhşilkləri faktlar əsasında qeyd edilir  və bir daha dünyadan  faciəyə hüquqi qiymətin verilməsi üçün  ədalət tələb olunur.

Fevralın 25-də Xətai Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan  Xocalıdan olan  şəhid ailələri ilə keçirilən görüş də bu tərkibdəndir.

Öncə Xocalı faciəsində, həmçinin torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutlar yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki,  ermənilər havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımıdır. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdikləri  soyqırımı aktının nəticələrini statistik rəqəmlər əsasında qeyd edək.  Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi.  Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Xocalı 30 ildir dünyadan ədalət, faciəni törədənlərin layiqli cəzalandırılmasını gözləyir.  Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı  qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.

Rafiq Quluyev vurğulayıb ki, Xocalı soyqırımı qan yaddaşımızdır. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. 44 günlük Vətən müharibəsində tarixi Qələbəmiz Azərbaycan xalqının nə qədər məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Ən əsası sübut etdik ki, bir qarış torpağımızı belə düşmənə vermərik.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Xocalı soyqırımı əsrin Holokost, Oradur, Lidisa, Xatın, Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır: “Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. Soyqırımın törədilməsinə görə  Ermənistanın o zamankı  siyasi-hərbi rəhbərliyi  məsuliyyət daşıyır. Günahkarlar  məhkəmə qarşısına çıxarılmalı, layiqli cəzalarını  almalıdırlar.”

Vüqar Rəhimzadə Azərbaycan dövlətinin  Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirdiyi  ardıcıl tədbirlərdən  geniş bəhs edib: “Soyqırımı aktına ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Müxtar Respublikası Ali Məclisinin Sədri olarkən, daha sonra isə Ulu Öndərin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra verilib. Belə ki, ümummilli lider Heydər Əliyevin  1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  Xocalı faciəsi  ermənilərin  Azərbaycan xalqına  qarşı həyata keçirdikləri  soyqırımı aktı kimi təsbit olundu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Həmin tarixdən etibarən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daha geniş miqyasda anılmağa başlandı. Son 18 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prosesində Xocalı soyqırımının tanıdılması xüsusi yer tutur. Ölkə Prezidentinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncamında da qeyd olunur ki, Xocalı  soyqırımına  hüquqi qiymət verilməli  və bu dəhşətli faciəni törədənlər öz layiqli  cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç vaxt Xocalı  faciəsini unutmayacaq.”

YAP Xətai rayon təşkilatının sədri  Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun gördüyü işlərin də miqyasının geniş olduğunu bildirib: “Fondun prezidenti Mehriban xanım Əliyevanın,   vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə həyata keçirdikləri tədbirlər davamlılığı ilə diqqət çəkir.  “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Dövlət səviyyəsində görülən işlər nəticəsində  Xocalı soyqırımı bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir.”

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki,   44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizlə 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi,  şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının intiqamı  alındı,  onların narahat ruhları rahatlıq tapdı.

Çıxışlarda o da vurğlanıb ki,   Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində  yaşayır və yaşayacaq.  Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17.00-da ölkə  ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insan  “Ana harayı” abidəsi önündə anım mərasimində iştirak edir.

Tədbirdə çıxış edən Xocalıdan olan şəhid ailələrinin üzvləri dövlətin onlara göstərdiyi diqqət və qayğıdan məmnunluqlarını bildirib və  bu əminliyi ifadə ediblər ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  ərazilərimizi düşmən işğalından azad edib, ərazi bütövlüyümüz bərpa olunub və yaxın zamanlarda biz xocalılılar  doğma yurd-yuvamıza qayıdacağıq.