Home Biznes və iqtisadiyyat xəbərləri Könül Nurullayeva: “Xocalıda baş verənlər dünya tarixində ağır və dərin iz qoymuş...

Könül Nurullayeva: “Xocalıda baş verənlər dünya tarixində ağır və dərin iz qoymuş soyqırımlardan heç nə ilə fərqlənmir”

263
0
SHARE

1992-ci il fevralın 25-dən 25-na keçən gecə baş verən Xocalı soyqırımı – bəşəriyyət əleyhinə cinayətdir. Birinci Qarabağ müharibəsinin ilk illəri, ermənilər Azərbaycana məxsus tarixi torpaqlarda etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar.
1991-cı ilin oktyabrından artıq Xocalı blokadada idi və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə Xocalı şəhərini darmadağın etdilər. Bir gecədə 63-ü uşaq olmaqla 613 nəfər qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. İnsanlar  xüsusi qəddarlıqla öldürüldu, diri-diri yandırıldı, başlarının dərisi soyuldu, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə yarıldı. Onların hamısı azərbaycanlı idi. Qətllər “Human Rights Watch” və “Memorial” insan haqları təşkilatları tərəfindən də sənədləşdirilmişdir. Hadisə yerinə gələn beynəlxalq Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri isə gördüklərindən dəhşətə gəlmişdi. XX əsrin ən qorxunc faciələrindən biri yaşanmışdı. Bu dəhşətin və vəhşiliyin müəllifi ermənilər idi. Xocalıda baş verənlər dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımlarından heç nə ilə fərqlənmirdi.
Ermənistanın eks-prezidenti Serj Sarkisyan 2000-ci ildə, britaniyalı jurnalistə müsahibəsində Xocalıda azərbaycanlıları öldürməklə “ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olması”na dair stereotipinin qırılmasına dair etirafları da var. Bu etiraf Xocalıda baş verən insanlıq əleyhinə cinayətin düşünülmüş və məqsədli şəkildə baş verdiyini təsdiqləyən faktlardan biri kimi qeyd edilə bilər.
Son 30 ildə Azərbaycan soyqırımın beynəlxalq miqyasda öz ədalətli hüquqi qiymətini alması istiqamətində ciddi addımlar atmaqdadır.
Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının dünya miqyasında təbliği müsbət nəticələr verməkdədir.
Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsi yad edilir. Demək olar ki, bütün dünya Xocalıya ədalət tələb edir.
44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar əməkdaşlıq üçün imkanlar yaradıb. Bununla belə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım, işğal və etnik təmizləmə siyasəti heç vaxt unudulmayacaq və biz bu tarixi heç vaxt unutdurmayacağıq.