Home Biznes və iqtisadiyyat xəbərləri Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin yaranmasına səbəb olur – Təyyar...

Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin yaranmasına səbəb olur – Təyyar Eyvazov

244
0
SHARE

Sağlam insanın immun sisteminə müdaxiləyə ehtiyac yoxdur. Onun normal işləməsi üçün şərait yaratmaq lazımdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, ilk öncə, peyvənd cədvəlinə, o cümlədən illik qrip peyvəndinə laqeyd yanaşılmamalıdır. Həmçinin, qida elementlərinin, vitaminlərin və mikroelementlərin miqdarı və tərkibinə diqqət yetirilməlidir.

“Qeyd etmək istəyirəm ki, normal gecə yuxusu vacibdir, çünki bu zaman yeni immun hüceyrələr əmələ gəlir. Unutmamalıyıq ki, immun sisteminin zəifləməsinin səbəblərindən biri də stressdir. Orqanizmin müqavimətini tənzimləmək üçün immun, sinir və hormonal sistemlərimiz daimi qarşılıqlı əlaqədə işləyir. Özünüzü yaxşı fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Qan dövranı immun sistem hüceyrələrinin bədənimizin bütün guşələrinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan verir. İstənilən yoluxucu xəstəlikləri vaxtında və tam şəkildə müalicə edin.
İmmun sistemi çox mühümdür, lakin az öyrənilən sahədir. Onun işində ciddi bir pozuntuya dair şübhələr varsa, həkimə müraciət mütləqdir, çünki bir pozuntu əmələ gəldiyi halda xüsusi müalicə tələb oluna bilər. Əhalinin vaksinasiya prosesində fəal iştirakı kütləvi immunitetin əldə edilməsinə səbəb olur”, – deyə o bildirib.