Home Biznes və iqtisadiyyat xəbərləri Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası özündə yeni idarəetmə modelini ehtiva edi

Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyası özündə yeni idarəetmə modelini ehtiva edi

198
0
SHARE

Partiyanın VII qurultayında qəbul olunmuş qərarlar YAP-ın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu

“Dünənin, bu günün və gələcəyin partiyası olduğunu keçdiyi 30 illik şərəfli yolda atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. Bəzən zaman baxımından kiçik görünən bir dövr uğurlarla zənginlik baxımından daha böyük rəqəmlə ifadə olunmaq təsəvvürü  yaradır.  Bu baxımdan partiyanın VII qurultayından ötən bir il ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında  mühüm tarixi məqamlarla yadda qalıb.  Dövlət başçısı, YAP Sədri cənab İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkənin  iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini təhlil  etdi və bu siyasi qüvvənin perspektiv xarakterli strateji hədəflərini açıqladı.  Məhz bu səbəbdən  YAP-ın VII qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.  Məlumdur ki, son bir ildən artıq dövrün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin  miqyasını genişləndirmək, bu işləri  müasir tələblər səviyyəsində həyata keçirib soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Bu mənada Azərbaycanın hər bir uğurunda öz payı, yeri olan Yeni Azərbaycan Partiyası da VII qurultayını məhz  tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara  söykənərək keçirdiyi üçün qarşıda dayanan vəzifələrin icrası məqsədilə  yeni Proqramın hazırlanmasına və təsdiqinə zərurət duyuldu. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev  partiyanın VII qurultayında bununla bağlı tapşırıqlarını verdi. Partiyanın yeni Proqramı ötən ilin  dekabr ayının 29-da YAP İdarə Heyətinin iclasında təsdiq edildi.  Yeni Proqramda əksini tapan  “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər Liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər özündə Yeni Azərbaycan Partiyasının   prinsiplərini, tutduğu yolu, bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi hədəfləri, ən əsası partiyanın çoxminli üzvlərinin dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək  Heydər Əliyev ideyalarının və ölkə Prezidentinin həyata keçirdiyi siyasətin uğurlarının təbliğində göstərdikləri fəallıqları ehtiva edir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, “91-lər”in üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub ki, bunlar  Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafıdır:  “Proqramda bu mühüm məqam da yer alır ki,  YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət,  milli dəyərlər,  innovativ inkişaf və kreativlik, elmilik və müasirlikdir.  Hər bir meyar partiyanın həyata keçirdiyi siyasətin aydın təsəvvürünü yaradır.  Bu baxımdan ki, Azərbaycan hər zaman yeniliklərə, təkmilləşməyə  daha çox meyil göstərən və bunu atdığı addımları ilə təsdiqləyən, ən əsası innovasiyalar ölkəsi kimi tanınır. İslahatlar prosesinin qaçılmaz  olması da dövlətimizin bu siyasətinə əsaslanır.  Hər dövrün, zamanın tələblərinə uyğun olaraq təkmilləşmə həyata keçirilir, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır.  Azərbaycanın bu uğurlarında  ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasət və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Ümummilli Lider  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra   Azərbaycanın yaşadığı  çətinliklərin tezliklə keçib gedəcəyini, hər bir Azərbaycan vətəndaşının qüdrətli Azərbaycanla qürur duyacağını əminliklə səsləndirmişdi. Təbii ki, bu əminlik Ulu Öndərin  dövlətinə, xalqına bağlılıq hissinə,  zəngin dövlətçilik təcrübəsinə  əsaslanırdı. Eyni zamanda, ulu öndər Heydər Əliyev Azərbaycanın dünyaya Günəş kimi doğacağını bildirmişdi. Son 18 ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın  qazandığı uğurlara söykənərək bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Ümummilli Lider  1992-ci ildə  xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ona ünvanladıqları  “Azərbaycan Sizin sözünüzü gözləyir”  müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə görmək istədiyi Azərbaycanın mənzərəsini təqdim etmişdir.”

“Təşəbbüskarlıq və innovativ inkişaf müasir dünyada peşəkar fəaliyyətin meyarıdır” söyləyən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri qeyd edib ki, bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin təşviqi,  geniş tətbiqinin dəstəklənməsidir: “Fəaliyyətin digər mühüm prinsiplərindən biri müasirlikdir ki, bu da partiyanın yeniliklərə, təkmilləşməyə açıq olmasında özünü qabarıq şəkildə büruzə verir.  2019-cu ilin sonlarında ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin  qanunverici orqanda da əksini tapması üçün Yeni Azərbaycan Partiyasının Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi də bunun bariz nümunəsidir.  Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəflərində də yeniliklərə, təkmilləşməyə meyillilik özünün aydın ifadəsini tapıb.  Belə ki,  Heydər Əliyev irsinin təbliği və təşviqindən sonra  güclü iqtisadiyyatın qurulması və davamlı inkişafın təmin edilməsi, inklüziv cəmiyyətin, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqların qorunması və xarici siyasətin, ordu quruculuğunun, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın reallaşdırılması kimi məsələlərin hər biri müasir dövrün yeniliklərinin  tətbiqini bir tələb kimi qarşıya qoyur. Bu gün biz informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi və tətbiq olunduğu dövrdə yaşayırıq. Artıq 4-cü Sənaye İnqilabının  yeniliklərindən bəhs edilir, zamanın qabaqlanması prioritet məsələ kimi qoyulur. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, müasir düşüncəli, yenilikçi gəncliyə böyük ehtiyac duyulduğu indiki mərhələdə  partiyanın 800 minə yaxın üzvünün təxminən 40 faizinin gənclər olması, şübhəsiz, böyük uğurdur. YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərdi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti İlham Əliyevin  Prezident seçildiyi 2003-cü ildən sonrakı dövrdə yetişən gənclərdir. Onlar yetişdilər,  vətənpərvərlik və fədakarlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhidlik zirvəsinə ucaldılar və özlərindən sonrakı gəncliyin bəhrələnməsi üçün vətənpərvərlik məktəbini yaratdılar.”

Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin Prezident İlham Əliyevin islahatlar siyasətinin davamı olduğunu önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 2018-ci ilin prezident və 2020-ci ilin parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmışdır: “Yaranmış yeni reallıqlar iqtidar partiyasında islahatların aparılmasının və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi. YAP yeni idarəetmə modelini özündə ehtiva edir. Partiyanın  VII qurultayında qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada Birinci müavin postunun təsis olunması və  Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi  idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuşdur.  Həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni formalaşdırılmış Mərkəzi Aparatı və yerli strukturları müasir dövrün tələblərini, partiyanın qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri yüksək səviyyədə, çevik, səmərəli idarəetmə prinsipləri əsasında həyata keçirərək müasir müstəqil Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına öz töhfələrini verməkdədir.”

Vüqar Rəhimzadə ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolunu da xüsusi qeyd edib: “Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.”

YAP Xətai rayon təşkilatının sədri ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar YAP-ın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqların diktə etdiyi hədəflər Azərbaycanın qarşısında daha geniş imkanlar açır.