Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi martın 6-da Los Ancelesdə geniş tədbirlə qeyd olunub.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, qeyd edək ki, 600 minədək yəhudinin yaşadığı Los Anceles şəhəri ABŞ-da yəhudilərin ən çox məskunlaşdığı ikinci şəhərdir.
ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Valley Outreach Sinaqoqunda keçirilmiş tədbirə Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Hillel Nyuman əsas qonaq qismində dəvət olunublar. 300-dən çox qonağın iştirak etdiyi tədbirə xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının rəhbərləri, din xadimləri, müxtəlif seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər qatılıblar.
Tədbirin açılışında Azərbaycan, İsrail və ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra çıxış edən sinaqoqun rəhbəri Ravvin Ron Li-Paz belə bir əlamətdar günə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. Azərbaycana səfərlərini qeyd edən Li-Paz, Azərbaycandakı dinlərarası tolerantlığın ona daim yüksək təsir bağışladığını vurğulayıb. O, Azərbaycan və İsrail arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərinin böyük gərginliklərin mövcud olduğu hazırkı dünyada əvəzsiz model olduğunu bildirib.
Los Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min üzvə malik Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini Ravvin Abraham Kuper çıxış edərək, ilk dəfə Azərbaycanda 1972-ci ildə olduğunu, hələ o zaman SSRİ-nin bir çox yerlərindən fərqli olaraq Azərbaycanda yəhudilərin hər hansı ayrıseçkiliyə məruz qalmadan yaşadıqlarını, ölkəmizin tolerantlıq və multikulturalizm modelinin müstəqilliyin bərpasından sonra daha da gücləndiyini, bu sahədə Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin misilsiz xidmətlərinin və liderliyinin böyük rol oynadığını diqqətə çatdırıb.
Sonra Azərbaycanın və İsrailin Los Ancelesdəki baş konsulları Nəsimi Ağayev və Hillel Nyuman Ravvin Li-Pazın aparıcılığı ilə keçirilən müzakirədə çıxış ediblər.
Baş konsul N.Ağayev ölkəmizdə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında, o cümlədən yəhudi icması ilə mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayıb. Diplomat, bu ənənənin müasir dövrdə Azərbaycan-İsrail münasibətlərinin qurulmasında və inkişafında vacib rol oynadığını bildirib. Azərbaycan-İsrail münasibətlərinin son 30 ildə sürətlə inkişaf edərək yüksək səviyyə çatdığını qeyd edən N.Ağayev, bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Öz növbəsində, İsrailin baş konsulu H.Nyuman Azərbaycan-İsrail tərəfdaşlığının regional və qlobal münasibətlərə gözəl bir nümunə olduğunu bildirib. O qeyd edib ki, bu sıx tərəfdaşlıq bu günkü münaqişələrin dinlər və ya etnik qruplar arasında deyil, mötədillər və radikallar arasında olduğunu göstərir və Azərbaycan və İsrail ortaq dəyərləri bölüşən mötədil ölkələrdir.
Çıxışlardan sonra sual-cavab sessiyası olub. Baş konsullar qonaqların çoxsaylı suallarını cavablandırıblar.
Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycanlı musiqiçilər Emil Əfrasiyab və Leyla Babayeva-Əfrasiyabın İsrailli musiqiçi Liran Shalom Kohnun başçılıq etdiyin yəhudi ansamblı ilə birgə hər iki xalqa məxsus sevilən mahnılardan nümunələr səsləndirməsi gurultulu alqışlarla qarşılanıb.
Tədbirdən qısa video-fraqmentlərə burada baxmaq olar: https://youtu.be/A22NfA6Y-U8