Gədəbəy rayonundakı “N” saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun şəhadət zirvəsinə yüksəlməsinin 29-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahısqa türk ailəsi kimi onların ailələri də Azərbaycana pənah gətirib və Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıblar. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşub, Mutludərə, Ər dağı, Ləzgi daşı və digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərib.
1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Dövlətimiz İsgəndər Aznaurovun xidmətlərini yüksək qiymətləndirib. İndi onun adına yaşayış məntəqəsi, küçə və məktəb var. Vaxtilə döyüşdüyü səngər bu gün “İsgəndər qalası” adlanır və igid oğullarımız bu qalanın keşiyində ayıq-sayıq dayanaraq düşmən hücumlarının qarşısını mərdliklə alırlar.