“Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin doğum gününü Şuşada qeyd etməsinin həm rəmzi mənası, həm də ciddi siyasi əhəmiyyəti var”.
Deputat deyib ki, rəmzi məna aydındır: “Bilirik ki, ümummilli Lider Şuşaya böyük önəm verirdi və qeyd edirdi ki, Şuşa Azərbaycan xalqının yaratdığı təkcə şəhər deyil, həm də böyük bir tarixi abidədir. Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Hətta Şuşa işğaldan azad edilən gün Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyini bəyan etmiş və bu da xalq arasında böyük rəğbətlə qarşılanmışdı”.
Səfərin və Prezidentin Şuşadan verdiyi bəyanatının siyasi əhəmiyyətinə gəldikdə, Bəhruz Məhərrəmov hesab edir ki, prosesləri Ermənistanda hazırda yaşanan ictimai-siyasi xaos fonunda təhlil etmək olar: “Azərbaycanla Ermənistan arasında başlanmaqda olan sülh prosesinə mane olmaq üçün revanşistlər və digər maraqlı dairələr genişmiqyaslı aksiyalara başlayıb. Düzdür, bütövlükdə xalqın dəstəyini ala bilməsələr də, etirazçıların sayı az, ixtisasların miqyası kiçik deyil. Erməni xalqı adına acı bir reallıq var ki, qalib Azərbaycanın sülhü arzu və təklif etdiyi bir məqamda məğlub Ermənistandan, daha dəqiqi, meydandakı radikal siyasi qüvvələrdən təcavüzkar iddialar eşitməkdəyik. Belə bir zamanda Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar, o cümlədən onun həm Şuşada, həm də Füzulidə bərpa-quruculuq prosesinin gedişatı ilə şəxsən tanış olması, müvafiq göstərişlər verməsi əslində Azərbaycanın iradə ifadəsidir. İlham Əliyev əslində çıxışının sonunda bu iradəni bir cümlədə ifadə etdi və bildirdi ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Erməni mətbuatına və sosial şəbəkə seqmentinə baxsaq, Prezident İlham Əliyev Şuşada bəyanatı ilə faktiki olaraq İrəvan üçün siyasi gündəm müəyyən edir. Müharibə zamanı fərarilik edən, bu gün isə hansısa kənar vədlər hesabına yenidən eyforiyaya düşən hay toplumu bir daha anladı ki, Azərbaycan təhdid dili ilə danışılacaq dövlət, Azərbaycanın lideri isə qətiyyəti qırılacaq şəxsiyyət deyil. O deyirsə ki, bu torpaqlar əbədi bizimdir, deməli, Azərbaycanındır. Təsadüfi deyil ki, İlham Əliyevin bəyanatının ardınca bir qrup erməni ziyalının Paşinyana müraciəti oldu, yaxud təşkil edildi və Baş Nazirdən tələb edildi ki, nəyin bahasına olursa olsun, Azərbaycanla sülh müqaviləsi tez bir zamanda bağlanmalıdır”.
Deputat bir məqama xüsusi diqqət çəkib: “Prezident İlham Əliyevin Azərbaycanı hərbi güc olmaqla bərabər, həm də siyasi iradə sahibinə çevirməsi artıq tam aydın formada nəzərə çarpır. Elə bir geosiyasi müstəvi formalaşıb ki, İrəvanda davam edən antiazərbaycan eyforiyasının gedişatını dəyişmək və İrəvana reallığı bir daha anlatmaq üçün Azərbaycan Prezidentinin bir cümləsi artıq kifayətdir. Bu dünya tarixində siyasi qələbənin ən bariz nümunələrindən biri hesab olunmalıdır”.