SHARE

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 11-də bu ölkənin Vitse-prezidenti Alan Berset ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Alan Berset ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib.

O, ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini qeyd edib.

Alan Berset 2018-ci ilin yanvar ayında İsveçrə Konfederasiyasının Prezidenti kimi, Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq deyib ki, dövlət başçıları arasında müsbət dialoq münasibətlərimizin dərinləşməsinə impuls verir.

Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə təkan verir. Yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır. Onun sözlərinə görə, bu gün qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əməkdaşlıq, biznes forumların və görüşlərin təşkili iqtisadi əlaqələrimizin daha da gücləndirilməsinə imkan verir. İsveçrənin Azərbaycanda enerji və qeyri-neft sektoruna investisiyalar yatırdığını xatırladan spiker ölkəmizdə əlverişli və geniş investisiya mühitinin yaradıldığını bildirib.

Sahibə Qafarova ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. Milli Məclisin sədri Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, həmçinin, qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafında xalqlarımızın ümumi dəyərləri mühüm rol oynaya bilər. Bundan başqa, birgə mədəniyyət tədbirlərinin təşkili, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi bu əməkdaşlığı daha da gücləndirə bilər.

Azərbaycan və İsveçrə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanların əməkdaşlığına da geniş imkanlar yaratdığını bildirən Milli Məclisin sədri qeyd edib ki, parlamentarilərimiz arasında təmaslar, müsbət dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu əlaqələrin daha da dərinləşməsinə şərait yaradır.

Görüşdə spiker Sahibə Qafarova ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib. Spiker İsveçrə şirkətlərinin də azad edilmiş ərazilərdə görülən işlərdə iştirak etməsinin münasibətlərimizin daha da dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.