Home Gündəm Şuşa şəhərində Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

Şuşa şəhərində Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

231
0
SHARE

Mayın 21-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Məclisin Gənclər və idman, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə dinləmələri keçirilib.

Tədbiri açan Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev iclas iştirakçılarını azad Şuşada salamlamaqdan qürur duyduğunu bildirib. Vitse-spiker bu qürurverici günləri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və bu iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib. O, Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşada keçirilməsinin ənənəyə çevrilməsini əlamətdar hadisə kimi dəyərləndirib.

Adil Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, gənclərin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi”, ikinci məsələ isə “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları” mövzusudur.

Gündəliyin birinci məsələsi haqqında danışan vitse-spiker diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin 2022-ci ilin Şuşa ili elan edilməsi haqqında sərnəncamında qeyd olunur ki, “Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır”. Adil Əliyev bildirib ki, cənab Prezidentin bu tezisini gənclərimizin və ölkəmizi yarışlarda təmsil edən idmançıların maarifləndirilməsi istiqamətində əsas prinsip kimi əldə rəhbər tutmalıyıq. Maarifləndirmə işində Şuşanın və Şuşa sevgisinin niyə hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olması məsələsinə böyük önəm verməliyik, xüsusilə xaricdə ölkəmizi təmsil edən idmançılarla bu mövzuda iş aparmalıyıq.  Qeyd olunan suala cavab verilməsində və maarifləndirmə işinin məzmununun hazırlanmasında cənab Prezidentin digər bir tezisi açar rolu oynamalıdır: O, bildirir ki, “bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır”. Şuşanı bizim mənəvi varlığımızın bir hissəsinə çevirən, mənəviyyatımıza hopduran onun bizə bəxş etdiyi böyük şəxsiyyətləridir. Şuşanın qurucusu Pənahəli xandan, Molla Pənah Vaqifdən, Xurşidbanu Natəvandan tutmuş Üzeyir Hacıbəyliyə, Əbdürrəhim bəy Haqverdiyevə, Barat Şəkinskayaya, Rəşid Behbudova, nəhayət bütün türk dünyasının ən parlaq intelekt sahiblərindən bir olan Əhməd bəy Ağaoğluna qədər hər birinin həyatı və qoyub getdiyi irs gənc nəsillərə tam çatdırılmalıdır.

Sədr müavini Ümummilli Lider Heydər Əliyevin Şuşanın tarixində və taleyində oynadığı misilsiz roldan danışaraq Şuşada Vaqifin məqbərəsinin yaradılmasının Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirildiyini və bu məsələnin mahiyyətinin gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib.

Çıxışının sonunda Adil Əliyev vurğulayıb ki, gənclərin və idmançıların maaraifləndirilməsi işində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamında qeyd olunan tezislər rəhbər tutulmalıdır. Vitse-spiker bu işin həyata keçirilməsi üçün diqqət yetirilməli olan əsas məqamları diqqətə çatdırıb.

Sonra gündəlikdəki “Qarabağ tarixində ailə dəyərləri və qadın hüquqları”  mövzusundakı dinləmələrlə bağlı çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlament komitələrinin iclaslarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi üçün yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə, şəxsən spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın bu qədim diyarı yeraltı və yerüstü sərvəti, təbiəti, tarixi-dini abidələri ilə yanaşı, həm də mədəni dəyərləri, ailə ənənələri ilə zəngindir. Bu dəyərlər nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmışdır. Hicran Hüseynova ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafına mühüm töhfələr vermiş Qarabağlı qadınlar – Gövhər ağa, onun bacısı Ağabəyim Ağa, Xurşidbanu Natəvan, Həmidə xanım Cavanşir, Əhməd bəy Ağaoğlunun iki qızı – Sürəyya Ağaoğlu, Tezer Taşqıran, məşhur pediatr həkim Adilə Namazova və başqa qadınların xidmətlərindən danışıb. Bildirib ki, bu misallar göstərir ki, bu torpaq dünya mədəniyyətinə, elminə, siyasətinə görkəmli şəxslər bəxş etmiş Azərbaycan torpağıdır.  Ermənilər Qarabağın, Şuşanın qədim erməni torpağı olduğunu deyirlər. Amma bir nəfər  təhsil almış, savadlı  erməni qadının adını çəkə bilmirlər. Erməni ailə dəyərlərinə aid bir nümunə göstərə bilmirlər. Çünki yoxdur, ermənilər bura gəlmədirlər. Və tarixdən də məlumdur ki, bu hansı şəraitdə baş verib. Onlar Qarabağda,  Zəngəzurda, Göyçədə, İrəvanda ancaq dağıtmaqla, Azərbaycana məxsus dəyərləri məhv etməklə, azərbaycanlıları qətlə yetirməklə, kütləvi deportasiyaya məruz qoymaqla məşğul olublar, tarixi saxtalaşdırıblar. Ona görə də, bu gün biz ailə dəyərləri, qadın və uşaq hüquqlarından danışanda , iki məsələyə xüsusi diqqət verməliyik. Birincisi, malik olduğumuz tariximizi, ailə dəyərlərimizi, insan hüquqları, o cümlədən qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı tarixi faktları təbliğ etməliyik,  bu sahədə  fəaliyyətimizi daha da gücləndirməliyik. İkincisi isə, bütün yerli və xüsusilə beynəlxalq səviyyəli tədbirlərdə ermənilərin törətdikləri humanitar, ekoloji, tarixi, iqtisadi terroru dünya ictimaiyyətinə çatdırmalıyıq.

İclasda dinləmələrin mövzuları ilə bağlı çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Pərvin Kərimzadə, Tamam Cəfərova, Etibar Əliyev, Rəşad Mahmudov, Mahir Abbaszadə, Ramin Məmmədov, Sevinc Hüseynova, Cavid Osmanov, Sədaqət Vəliyeva, Ramil Həsən, Sevil Mikayılova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev torpaqlarımızın azad olunmasında Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətin rolu, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədə Azərbaycan gənclərinin və qadınlarının rolu, xalqımızın ailə dəyərləri, Şuşanın Azərbaycan tarixindəki yeri, bu şəhərin işğaldan azad olunmasında əsgərlərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar, Şuşada Milli Məclisin komitə iclaslarınınn keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Komitələrin birgə iclasında deputatlardan Ülvi Quliyev, Jalə Əhmədova, Nigar Arpadarai, Könül Nurullayeva, Cəbi Quliyev və Milli Məclis Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova və parlamentin digər məsul əməkdaşları iştirak ediblər.