Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyi münasibətlə səfirliyimiz tərəfindən bir sıra tədbirlər planlaşdırılır. Onlardan biri də həyata keçirməyə başladığımız “Azərbaycanı daha yaxından tanıyaq!” layihəsidir. Məqsədimiz qardaş ölkədə şagirdləri, gəncləri Azərbaycan haqqında daha dolğun məlumatlandırmaqdır.
TAN.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov ifadə edib.
Səfir əminliklə bildirib ki, Azərbaycan otağı qurulan məktəblərdə ölkəmizlə bağlı tədbirlər daha da çoxalacaq və eyni zamanda, daha əhəmiyyətli məlumatların çatdırılması üçün imkanlar genişlənəcək.
Qeyd edək ki, Türkiyədəki səfirliyimizin qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi ilə həyata keçirdiyi layihə qardaş ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan otağını işlədiyi və yaxud oxuduğu məktəbdə görmək istəyənlərin sayı günbəgün artır.
İlk Azərbaycan otağı Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində, ikincisi isə Ankarada açılıb.