Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi, eləcə də azad edilmiş torpaqlarımızda həyata keçirilən layihələrlə tanış oldular, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər.
Dövlətimizin başçısı Zəngilanda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimindəki çıxışında ictimaiyyətə önəmli mesajlar verdi. Azərbaycanımızın dünyada bu il ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev daim irəli getmək üçün çox güclü olmağımızın vacibliyini vurğuladı.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov söyləyib.
“Bütün dövrlərdə hər bir müharibənin əsas qəhrəmanı sərkərdələr olublar”, – deyən deputat bildirib ki, Azərbaycan Ordusunun sərkərdəsi, Müzəffər Ali Baş Komandanı İlham Əliyev də torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən Vətən müharibəsinin əsas qəhrəmanıdır. Bu, təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün beynəlxalq ictimaiyyətinin qənaətidir. Təxminən 30 il əvvəl Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu məhz dövlətimizin başçısının yürütdüyü düzgün strategiya sayəsində darmadağın edildi, işğala son qoyuldu, tarixi Qələbə qazanıldı. Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan bu gün gündəliyi özü diktə edir.
“44 günlük Vətən müharibəsi xalqımızın gücü ilə bərabər, əzmini, mətanətini də nümayiş etdirdi. Bütün dünya xalq-dövlət-ordu birliyinin gücünü gördü. Ermənilərdən fərqli olaraq, biz dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. Amma erməni vandalları işğal altında saxladıqları əraziləri əkib-becərmək əvəzinə, oranı yararsız hala salıblar. Hazırda Azərbaycan dövləti həmin ərazilərdə sürətlə böyük bərpa və quruculuq işləri aparır və dünya şahidi olur ki, Azərbaycan xalqı qurub-yaradan xalqdır.
Zəfərindən sonra regionda gündəliyi Azərbaycan diktə edir. Uzun illər başağrısı olan münaqişə öz gücümüzlə həll edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün dünya, aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edirlər. Azərbaycanın gündəliyi artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür, bizimlə hesablaşırlar. Çünki gücümüzü bilirlər. Uğurlarımızı davam etdirmək üçün daha da güclü olmalıyıq”, – deyə İ.Məmmədov vurğulayıb.
Azərbaycanın iqtisadi cəhətdən müstəqil, heç bir yardıma, kreditə ehtiyacı olmayan ölkə olduğunu bildirən deputat deyib ki, ölkəmiz 2021-ci ildə əsasən 3 istiqamətdə xeyli uğurlara nail olub. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində əldə olunan nəticələr qənaətbəxşdir. Təbii ki, bu nailiyyətlər maliyyə sabitliyinin və büdcə dayanıqlılığının qorunub saxlanılmasına, dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq yerinə yetirilməsinə müsbət təsir göstərib.
İşğaldan azad edilən ərazilərdə də işlərin yüksək templə davam etdiyini bildirən İ.Məmmədov diqqətə çatdırıb ki, infrastruktur layihələri uğurla reallaşdırılır. Bütün bunlar isə dövlətimizin gücünü, iqtisadi və siyasi müstəqilliyini göstərir.