ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iyunun 6-9-da Rumıniya və Bolqarıstana etdiyi səfər çərçivəsində parlament, hökumət və siyasi partiya nümayəndələri ilə silsilə görüşlər keçirib.
TAN.AZ xəbər verir ki, bu barədə ATƏT PA-nın yaydığı rəsmi açıqlamada qeyd olunub.
“Cənub-Şərqi Avropa regionu haqqında ATƏT PA-nın İllik Sessiyasına təqdim edəcəyim hesabatı ətraflı və obyektiv hazırlamaq üçün Rumıniya və Bolqarıstana etdiyim səfər çox səmərəli oldu. Buxarest və Sofiyada yüksək səviyyəli dövlət rəsmiləri və siyasi institutların təmsilçiləri ilə keçirdiyim görüşlərdə regionda cərəyan edən proseslər, regional əməkdaşlıq imkanları, regionun üzləşdiyi problemlər və çağırışlar, həmçinin ölkə daxilindəki siyasi hadisələr və son parlament seçkiləri haqqında mənə ətraflı məlumat verildi və bu mövzularda maraqlı müzakirələr apardıq”, – deyə Azay Quliyev bildirib.
ATƏT PA-nın vitse-prezidenti Qərbi Balkan ölkələrinin Avropa İttifaqına üzvlüyü məsələsinə Rumıniya və Bolqarıstanın dəstək olmasının əhəmiyyətini, Bolqarıstanla Şimali Makedoniya arasında mövcud olan problemlərin və fikir ayrılıqlarının tezliklə və dialoq yolu ilə aradan qaldırılmasının vacibliyini qeyd edib. Xüsusi nümayəndə Qərbi Balkan ölkələrinin Avroatlantik məkana sürətlə inteqrasiya olunmasının regionda davamlı sabitliyə və təhlükəsizliyə ciddi töhfə verəcəyini və bu prosesin uğurla başa çatması, siyasi, hüquqi və iqtisadi islahatların dərinləşməsi istiqamətində ATƏT PA-nın müvafiq dəstək verməyə hazır olduğunu bildirib.
Azay Quliyev Rumıniyanın bir milyona yaxın ukraynalı qaçqına ev sahibliyi etməsi faktını təqdir etdiyini və müharibədən əziyyət çəkən ukraynalılara humanitar yardımın daha da artırılmasına olan ehtiyacı diqqətə çatdırıb. ATƏT PA-nın xüsusi nümayəndəsinə Rumıniyanın Şengen zonasına qəbul edilməsi ilə bağlı aparılan danışıqlar, hər iki ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və bərpaolunan enerji mənbələrinin artırılması istiqamətində gördükləri işlər bərədə məlumat verilib.
A.Quliyev bu il oktyabrın 14-16-da ATƏT PA-nın payız sessiyasına ev sahibliyi edəcəyinə görə Bolqarıstan Parlamentinin rəhbərliyinə təşəkkür edib və Sessiyanın ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələndiyi vaxtda keçiriləcəyinin asan olmadığını diqqətə çatdırıb. Səfər çərçivəsində xüsusi nümayəndə ATƏT PA-nın miqrasiya üzrə alt-komitəsinin sədri Kristian Vigeninlə Ukraynadakı müharibə nəticəsində yaşanan qaçqın axını və qida təhlükəsizliyi məsələlərini də müzakirə edib.
ATƏT PA-nın yaydığı açıqlamada bildirilir ki, hər iki ölkədə aparılan müzakirələr zamanı regiondakı mövcud problemlərin həllinə dəstək, dialoq imkanlarını genişləndirmək, parlament diplomatiyasına daha çox yer vermək üçün Cənub-Şərqi Avropa ölkələrini Parlament Forumunun/Konfransının yaradılması haqqında Azay Quliyevin irəli sürdüyü təklif dəstəklənib.
Xatırladaq ki, ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsinin mandatına Türkiyə, Yunanıstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Albaniya, Rumıniya və Bolqarıstan daxildir. Xüsusi nümayəndə əsasən bu ölkələrdə siyasi və seçki proseslərinin, habelə dövlət quruculuğu və demokratiya sahəsində aparılan islahatların izlənilməsi, Cənub-Şərqi Avropa regionunda əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla, bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini aparır. Bundan başqa, xüsusi nümayəndə regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir. Eyni zamanda, xüsusi nümayəndənin mandatına ATƏT-in sahə əməliyyatlarını dəstəkləməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi, Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına yardım etmək daxildir.