Home Gündəm Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüş keçirilib

Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüş keçirilib

200
0
SHARE

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, komitə sədri Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib.

Tahir Mirkişili bildirib ki, ölkəmizlə bu mötəbər qurum arasında əlaqələrin genişlənməsində parlamentlərarası münasibətlər böyük əhəmiyyət daşıyır. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində səmərəli əməkdaşlıq qurulub. Ölkəmizdə Avropa standartlarına uyğun qanunvericilik bazası formalaşdırılıb.

Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı faydalı siyasi, iqtisadi əməkdaşlığın genişlənməkdə olduğu qeyd edilib. Ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələrdən, əldə olunmuş nailiyyətlərdən söhbət açılıb. Komitə sədri qonağa ölkəmizdə yaradılmış Ələt Azad İqtisadi Zonası haqqında məlumat verib, Azad zonanın yaradılmasında məqsəd, onun fəaliyyəti, potensial imkanları barədə danışıb.

Görüşdə Tahir Mirkişili 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı qələbədən söhbət açıb. Komitə sədri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və ölkəmiz tərəfindən təqdim olunan prinsiplər əsasında sülh müqaviləsinin imzalanması məsələsinə toxunub.

Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını ifadə edib. Ölkəmizin zəngin tarixə, mədəniyyətə malik olduğunu deyən qonaq Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışıb.

Andris Ameriks ölkəmizdə müşahidə etdiyi iqtisadi yüksəlişin onda böyük təəssürat yaratdığını bildirib. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat layihələrinin əhəmiyyətli olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycan həm geosiyasi nöqteyi-nəzərdən, həm də iqtisadi baxımdan Avropanın daim diqqət mərkəzində olan bir ölkədir. Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Söhbətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək inkişaf perspektivləri barədə danışılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev də Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.Söhbət zamanı Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov Azərbaycanla Aİ arasında yeni ikitərəfli sazişin hazırlığı barədə məlumat verib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi, regionda sülhün möhkəmləndirilməsi və qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı, Azərbaycanla Aİ arasında yeni sazişin bağlanması istiqamətində görülən işlər, Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə müzakirələr aparılıb.