Azərbaycan sülh üçün bir nümunədir. Qlobal Bakı Forumu hər il dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, alimləri bir araya gətirir.
TAN.AZ xəbər verir ki, bu fikirlər IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz, barışıq, əməkdaşlıq və inteqrasiya” mövzusunda panel iclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevnelievin çıxışında yer alıb.
“Regionda sülhün təmin olunması bölgəyə inkişaf gətirəcək. Münaqişələrin tam həlli üçün sülh müqaviləsinin imzalanması vacibdir. Sülh müqaviləsi Budapeşt Memorandumuna və ya Minsk razılaşmalarına oxşamamalı, dayanıqlı olmalıdır. Tərəflər danışmalıdır. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanı inteqrasiya etmək lazımdır. Ermənistanın müasirləşdirilməsinə töhfə verən layihələr təklif etməliyik. Ermənistan və Azərbaycan regionun inkişafı üçün əməkdaşlıq etməlidir”, – deyə R.Plevneliev qeyd edib.
O, Türkiyənin Cənubi Qafqaz bölgəsində münaqişənin həllində rolunun böyük olduğunu, münasibətlərin yaxşılaşdırılması üçün təşəbbüs göstərdiyini vurğulayıb.
Sabiq Prezident, həmçinin Cənubi Qafqazın inkişafı üçün Çin ilə əməkdaşlığın da faydalı olacağını qeyd edib.