Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində bu gün “Parlamentlər, Miqrasiya və Qaçqınlar Haqqında Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, konfransda Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edib, həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfrans iştirakçılarına videomüraciəti dinlənilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova “Beynəlxalq idarəetmə standartları, qlobal sazişlər və qlobal siyasətlərin gündəlikləri: Məqsədlər, öhdəliklər, tərəqqi və həyata keçirilməsi üçün maneələr” mövzusunda çıxış edib. Tədbirin çox mühüm bir mövzuya həsr olunduğunu deyən spiker qeyd edib ki, Türkiyənin konfransa ev sahibi kimi seçilməsi xüsusilə vacibdir. Çünki Türkiyə son illərdə miqrasiya proseslərinin idarə olunmasında əhəmiyyətli rol oynayır. O, ümidvar olduğunu bildirib ki, bu çərçivədə aparılacaq diskussiyalar dövrümüzün mühüm problemi olan miqrasiya və qaçqınlar məsələsinin həlli üçün faydalı olacaq.
Milli Məclisin sədri qeyd edib ki, miqrasiya proseslərinin idarə olunması müasir dünyada bir çox ölkələr üçün ən vacib məsələlərdən biridir. Miqrasiya həm də bir çox fayda verə bilən və imkanlar yaradan proses kimi qiymətləndirilməsidir. Bu cəmiyyətin inkişafı və sosial cəhətdən yeniləşməsi üçün vacib resurs kimi səciyyələndirilir. Onun sözlərinə görə, son 20 ildə dünyada siyasi qeyri-sabitlik, sosial ədalətsizlik, mürəkkəb iqtisadi və ekoloji şərait, eləcə də silahlı münaqişələr vəziyyəti mürəkkəbləşdirib. Bu isə öz növbəsində miqrasiya anlayışına münasibətdə dəyişikliyə səbəb olub. Bir sıra hallarda multikulturalizm ideyasından imtina da bu prosesə ciddi təsir göstərib. Təəssüf ki, son 2 ildə “COVİD-19” qlobal pandemiyası miqrasiyanı çətinləşdirən başqa bir amil halına gəlib.
Milli Məclis sədri qeyd edib ki, bu gün dünyada miqrantlarlar və qaçqınlarla bağlı, həmçinin bu prosesin idarə edilməsinə dair bir çox debatlar təşkil olunur, müxtəlif baxışlar təklif olunur. Təəssüf ki, hazırda miqrant və qaçqın konsepsiyaları arasındakı fərqlər getdikcə daha çox silinir. Bu isə müxtəlif ziddiyyətlərə gətirib çıxarır. Miqrantların və qaçqınların cəmiyyətə və iqtisadiyyata daha səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qaytarılması məsələləri hələ də həllini gözləyən məsələlər sırasındadır.
Spiker Sahibə Qafarova çıxışında diqqəti həmçinin miqrantların və qaçqınların qəbulu və yerləşdirilməsinə, onlara dəstək verilməsinə çəkib. Onun sözlərinə görə, bu məsələlərin həllində məsuliyyəti bölüşmək vacibdir. Milli Məclisin sədri bu kontekstdə Türkiyənin miqrasiya proseslərinin idarə edilməsinə öz töhfəsini verən ölkələr sırasında rolunu vurğulayıb. Qeyd edilib ki, son 10 ildə Türkiyə 4 milyondan artıq miqranta ev sahibliyi edib. Bu, sadəcə, Türkiyənin iqtisadi və sosial inkişafının nəticəsi deyil, eyni zamanda, Türkiyə cəmiyyətinin yüksək mənəvi keyfiyyətlərinin göstəricisidir. Qeyd olunub ki, Türkiyənin səyləri layiqincə qiymətləndirilməli və bu məsələdə beynəlxalq birlik tərəfindən dəstəklənməlidir.
Bu prosesin təşkilində parlamentlərin rolundan bəhs edən Milli Məclisin sədri qeyd edib ki, bu məsələdə qanunverici orqanlar milli hökumətlərə bu işlərin daha da yaxşı təşkil edilməsi üçün kömək edə bilər.
Çıxışında Azərbaycanın bu sahədə təcrübəsi və gördüyü işlər haqqında məlumat verən spiker Sahibə Qafarova deyib ki, miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsi, həmçinin miqrantların hüquqlarının qorunması ölkəmizin miqrasiya siyasətinin əsas prioritetləridir. Onun sözlərinə görə, Şərqlə Qərbin geosiyasi baxımdan mühüm kəsişməsində yerləşən Azərbaycan hər zaman dinamik miqrasiya məkanı olub. Sürətli sosial-iqtisadi inkişaf, xarici investisiyalar və beynəlxalq enerji, nəqliyyat və digər layihələrin reallaşdırılması nəticəsində Azərbaycan miqrant mənbəyi olan ölkədən tranzit ölkəyə, həmçinin miqrantlar üçün təyinat nöqtəsinə çevrilib. Ölkəmizdə yüksək tolerantlıq mühitinin mövcud olması miqrasiya prosesinə təsir edən daha bir mühüm amildir. Azərbaycan miqrasiya və qaçqınlar haqqında hər iki qlobal Sazişə qoşulan ilk ölkələrdən biridir və onların icrası üçün müxtəlif tədbirlər görüb. O cümlədən, qaçqınların icbari tibbi sığortasının tətbiq edilməsi, qanuni əmək hüquqlarının təmin edilməsi və ali təhsil müəssisələrində təhsil alan qaçqınların təhsil xərclərinin ödənilməsi məqsədi ilə müvafiq tədbirlər artıq uğurla həyata keçirilib.
Spiker xatırladıb ki, Azərbaycan regionda BMT – nin Miqrasiya Şəbəkəsini milli səviyyədə ilk dəfə yaratmış ölkədir. Bu, 2020-ci ilin iyul ayında həyata keçirilib. Azərbaycan, həmçinin 2020-ci ilin sentyabrında BMT-nin Miqrasiya Şəbəkəsinin himayəsi altında fəaliyyətə başlayan “Çempion ölkələr” təşəbbüsünə də qoşulub. Bundan başqa, ölkəmiz 2020-ci ildə Qlobal Miqrasiya Sazişinin həyata keçirilməsinə dair könüllü milli hesabat təqdim edib və 2022-ci ilin mart ayında hesabatı yeniləyib.
Ötən ay ölkəmiz miqrasiya üzrə birinci Beynəlxalq İcmal Forumunda 33 “Çempion ölkə”dən biri kimi iştirak edib. Azərbaycan, həmçinin forum çərçivəsində dörd dəyirmi masaya sədrlik edən 8 ölkədən biridir. Azərbaycanın əməkdaşlığın və mütəşəkkil miqrasiyanın təşviqinə sadiqliyinin daha bir vacib və aydın təzahürü Beynəlxalq Miqrasiya Təşkilatının Regional Miqrasiya Tədris Mərkəzinin təsis edilməsidir.
Milli Məclisin sədri çıxışında Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi Zəfər barədə də məlumat verib. Sahibə Qafarova bildirib ki, işğal olunmuş torpaqların azad edilməsi regionda yeni reallıqlar və imkanlar yaradıb. Bu qələbə sayəsində həmçinin məcburi köçkünlərin öz Vətəninə – Qarabağa qayıtmaq hüququ təmin olunub. Ona görə də Azərbaycan dinamik daxili miqrasiya proseslərinin astanasındadır. Eyni zamanda, bu torpaqlarda görülən bərpa-yenidənqurma işləri, eləcə də bu regionların ölkəmizin iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiya və yeni işgüzar müəssisələrin yaradılması üçün cəlbedici edəcək. Bu da öz növbəsində miqrasiya idarəçiliyinə yeni yanaşmaların tətbiqinə gətirib çıxaracaq, həm Azərbaycanda, həm də regionda miqrasiya proseslərində yeni dinamika yaradacaq.
Konfrans çərçivəsində, həmçinin dünyada qaçqın və miqrantların vəziyyətini əks etdirən sərgi təşkil olunub. Milli Məclisin sədri Sahibə Qafarova sərgidə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərlə bağlı fotoları iştirakçılara təqdim edib. Spiker sərgi iştirakçılarına Ermənistanın işğalının nəticələri, bu gün Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi quruculuq işləri, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.