Home Gündəm Sevinc Fətəliyeva: Azərbaycan regionda sülhü təşviq edir

Sevinc Fətəliyeva: Azərbaycan regionda sülhü təşviq edir

224
0
SHARE

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra sülhü təşviq edir, çünki regionumuzun sabitliyini, onun davamlı inkişafını istəyirik. Daima irəli getmək, Ermənistanla qonşu ölkə kimi normal yanaşı yaşamaq istəyirik. Etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizlik hüquqlarına zəmanət veririk. Azərbaycan vətəndaşı kimi hər kəsin hüquqları Konstitusiyamızda təmin olunub.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva qurumun yaz sessiyası çərçivəsində “Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzəsinin müzakirələri zamanı çıxışında deyib.

Qafqaz regionunda müharibədən sonrakı vəziyyət haqqında danışan deputat bildirib ki, hazırda ölkəmiz ekoloji təhlükəsizlik, regional ətraf mühitə ziyan vuran trans-sərhəd çaylar, nəqliyyat məsələləri, tranzitlə bağlı yeni imkanlar, xüsusilə də Azərbaycanın Zəngəzur dəhlizinin tikintisini tamamlamaqda olduğu bir vaxtda, regional əhəmiyyətli məsələləri özündə əks etdirən yeni gündəliyi təşviq edir. Sevinc Fətəliyeva qeyd edib ki, beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyinin yeni marşrutları beynəlxalq əməkdaşlıqsız mümkün deyil. Beynəlxalq təşkilatların, xüsusilə də Avropa Şurasının rolundan danışılırsa, üzv dövlətlərdə gedən proseslərə operativ və ədalətli reaksiya verməyə hazır olmaq üçün ən yaxşı imkanlardan istifadə etməli, sülhə və sabitliyə yönəlmiş qərarlarımızı dərhal həyata keçirməliyik.

Azərbaycanlı deputat diqqətə çatdırıb ki, təhlükəsizlik məsələsi hər bir dövlət üçün daim aktualdır. Bütün dünya ölkələri müasir dünya inkişafının bütün çağırışlarına tab gətirmək üçün milli təhlükəsizlik sistemlərini diqqətlə işləyib hazırlayırlar. Cəmiyyətin və dövlətin bütün sahələrinin inkişafına mütərəqqi təsir göstərən qloballaşma prosesləri təkcə beynəlxalq sülhə, qanunun aliliyinə deyil, həm də beynəlxalq, eləcə də enerji təhlükəsizliyinə tamamilə yeni və daha mürəkkəb təhdidlərin yaranmasına aparır.