Home Gündəm Deputat: “Azərbaycanın güclü liderə malik olması Qarabağda yenidənqurma işlərində də mühüm rol...

Deputat: “Azərbaycanın güclü liderə malik olması Qarabağda yenidənqurma işlərində də mühüm rol oynayır”

44
0
SHARE

“44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan müharibədən əvvəl olduğu kimi, postmühairbə dövründə də uğurlu siyasətini davam etdirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar qazanıb, iqtisadi inkişaf baxımından yüksək nəticələr əldə edib. Məhz bu uğurlar nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. İqtisadi imkanlarımızın artması bizə digər sahələrdə də mühüm addımlar atmağa imkan verib: “Qazanılan uğurlar və yüksək iqtisadi göstəricilər 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən qələbədə də əhəmiyyətli rol oynadı. İqtisadi imkanlarımızdan güc alan işlər, güclü ordu quruculuğu Vətən müharibəsində öz sözünü dedi. Torpaqlarımız düşmən işğalından azad edildi”.

Vüqar İskəndərov bildirib ki, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən işlər zamanı da bu vaxta kimi qazandığımız uğurlar, iqtisadi nailiyyətlər öz sözünü deyir və deyəcək: “Daha dəqiq desək, Azərbaycanın güclü liderə, güclü iqtisadiyyata, müasir və güclü orduya malik olması yenidənqurma və bərpa işlərinin sürətlə həyata keçirilməsi və sərhədlərimizin etibarlı qorunmasında, ölkəmizin maraq və mənafelərinin müdafiəsində mühüm rol oynayır. Məhz bu sadalananlar fonunda Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlinin qoyulması ilə yadda qalır”.

Deputatın sözlərinə görə, bu məqam dövlət başçısının iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı da özünü bir daha göstərdi: “Dövlət başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub. Cənab Prezidentə səfər zamanı Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlət başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Prezident İlham Əliyev həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib. Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının da təməlini qoyub”.

Vüqar İskəndərov əlavə edib ki, Azərbaycan dövləti torpaqların işğaldan azad edilməsi zamanı göstərdiyi qətiyyəti eyni zamanda postmüharibə dövründə həmin yerlərdə tikinti-quruculuq işlərində də göstərir: “Onu da deyim ki, dövlət başçısının işğaldan azad edilmiş ərazilərə digər səfərləri kimi bu səfəri də Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində görülən işlərin zənginliyi ilə yadda qaldı. Bu səfər eyni zamanda sərhədlərimizin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verildiyini bir daha nümayiş etdirdi”.