Home Gündəm İran Prezidenti Ceyhun Bayramovu qəbul edib

İran Prezidenti Ceyhun Bayramovu qəbul edib

239
0
SHARE

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünə dair məlumat yayıb.

TAN.AZ-ın xəbərinə görə, məlumatda deyilir ki, iyulun 4-də İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb:

“İran Prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb. Prezident Seyid İbrahim Rəisi, İranla Azərbaycan arasında əlaqələrin dərin köklərə sahib olduğunu bildirib və iki ölkə arasında mədəni və tarixi əlaqələrin xalqlarımızın istəyindən irəli gəldiyini söyləyib. Bundan sonra da əlaqələrin inkişafının təmin olunması üçün ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayan Prezident Seyid İbrahim Rəisi, ikitərəfli əlaqələrin regional əməkdaşlığa da öz töhfəsini verəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud olan tarixi, dini və mədəni bağlardan söhbət açaraq əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bu xüsusda, iki ölkənin Prezidentləri arasında qısa zamanda iki görüşün keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir Ceyhun Bayramov, iki ölkə Prezidentlərinin Aşqabadda keçirdiyi görüşdə əldə olunan razılıqlar və verilən tapşırıqlara müvafiq olaraq İranda öz həmkarı ilə faydalı danışıqların aparıldığını qeyd edib.

Nazir, həmçinin iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb. Bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının, o cümlədən işğaldan azad edilmiş ərazilərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Regional sülh və təhlükəsizliyin təmin edilməsinin və bu istiqamətdə region ölkələrinin əməkdaşlığının vacib olduğu bildirilib”.

***

18.37

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

TAN.AZ xəbər verir ki, İbrahim Rəisi bildirib ki, İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri ilə əlaqələrdə sıçrayış baş verəcəyinə ümid etdiyini vurğulayıb.