İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.
Dinləməni giriş sözü ilə açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclas iştirakçılarını Azərbaycanın incisi olan Şuşada salamlamaqdan duyduğu sevinc və qürur hisslərini bölüşüb. O, bu qüruru bizə bəxş edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb və bugünkü iclasın Şuşada keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.
İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Çıxışına davam edən Əhliman Əmiraslanov Şuşanın bir sıra möhtəşəm tədbirlərə ev sahibliyi etməsindən söz açıb, şəhərdə və azad edilmiş digər ərazilərdə aparılan quruculuq və abadlıq işlərini xüsusi qeyd edib. Dinləmənin mövzusu ilə bağlı komitə sədri bildirib ki, səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsidir. O, icbari tibbi sığortaya keçiddən sonra Azərbaycanın səhiyyə xidmətində baş verən yeniliklərdən və inkişaf proseslərindən danışıb. Komitə sədri bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin və icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb, qeydlərini səsləndirib.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin komitələrinin iclas və dinləmələrinin Şuşa şəhərində keçirilməsini Azərbaycanın dövlətçilik və qanunvericilik ənənələrinin Şuşada davam etdirilməsi baxımından önəmini vurğulayıb, bu tədbirlərin mənəvi, siyasi əhəmiyyətinə toxunub. O, cənab Prezidentin xeyir-duası ilə keçirilən bu iclasın təşkilinə görə parlamentin rəhbərliyinə təşəkkür edib. Komitə sədri icbari tibbi sığortanın Azərbaycanda tətbiqinin hüquqi bazasına, keçdiyi yola nəzər salıb. Musa Quliyev icbari tibbi sığortanın tətbiqində əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığının təmin edilməsi barədə fikirlərini bölüşüb.
Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqindən keçən dövr ərzində görülən işlər, qarşıya çıxan çətinliklər, əldə olunan nəticələr barədə söz açıb. O, ötən müddət ərzində göstərilən tibb xidmətlərinin əhatə dairəsi, kəmiyyəti barədə statistik göstəriciləri açıqlayıb. Zaur Əliyev icbari tibbi sığorta zərfinin əhatə dairəsinin genişləndirilməsindən və agentliyin tabeliyindəki müəssisələrdə kadr potensialının artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində qarşıda dayanan vəzifələrdən danışıb.
Tədbirdə komitələrin sədr müavinləri Rəşad Mahmudov və Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov, Jalə Əliyeva, Kamilə Əliyeva, Vüqar Bayramov, Sədaqət Vəliyeva, Arzu Nağıyev, Soltan Məmmədov, Müşfiq Məmmədli, Sevinc Hüseynova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.
Çıxış edənlər azad Şuşada Milli Məclisin komitə iclaslarının keçirilməsinin əhəmiyyətindən, Azərbaycan şəhidlərinin qanı ilə yoğrulan Şuşa torpağının bizim üçün müqəddəsliyindən, Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yerdən danışıblar. Millət vəkilləri icbari tibbi sığortada əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı fikirlərini bildiriblər, suallarını və təkliflərini səsləndiriblər.
Dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.
Bununla da Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin Şuşa şəhərində keçirilən birgə dinləməsi başa çatıb.
Tədbirdə deputatlardan Kəmaləddin Qafarov, Anatoliy Rafailov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi