Prezident İlham Əliyev Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən haqlı olaraq bəzi avroparlamentarilərin uzun illərdir anti-Azərbaycan mövqeyində dayanmasını tutarlı arqumentlərlə tənqid etdi. Əvvəla, bir məqama aydınlıq gətirmək lazımdır ki, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətləri çox yüksək səviyyədə inkişaf edib. Həm iqtisadi, həm də siyasi məsələlərdə Aİ artıq Azərbaycanın strateji tərəfdaşı kimi çıxış edir. Hər iki tərəf bu əlaqələrin daha da dərinləşməsi naminə ciddi səylər nümayiş etdirir. Lakin təəssüflər olsun ki, Aİ-nin strukturlarından biri olan Avropa Parlamenti bir çox hallarda bu mütərəqqi prosesi sabotaj etməyə çalışır. Təşkilatın sıralarında cəmləşmiş bir sıra deputatlar erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəzli və qarayaxma mahiyyəti daşıyan qətnamələrin qəbul edilməsinə nail olurlar. Artıq uzun illərdir bu proses davam edir və ən son olaraq, 44 günlük Vətən müharibəsindən sonra guya erməni mədəni irsinin dağıdılmasına istinad etməklə ölkəmizə qarşı qərəzli bir sənəd qəbul ediblər.
Bu fikirləri açıqlamasında politoloq Ceyhun Əhmədli söyləyib.
Politoloq qeyd edib ki, dövlətimizin başçısı bu məqama vurğu etməklə, əlavə olaraq mühüm bir faktı ortaya qoydu ki, müharibə bitəndən sonra xarici ölkə səfirliklərinin nümayəndələrinin, siyasətçilərin, Avropanın bəzi ölkələrinin parlament sədrlərinin, xarici jurnalistlərin azad olunmuş torpaqlarımıza çoxsaylı səfərləri təşkil edilib və onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Heç bir xarici nümayəndə orada hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Bu, baş vermiş hadisənin faktlarla vizual olaraq təqdimatı idi. Prezident İlham Əliyev bu nüansa diqqət çəkməklə Avropa Parlamentinin saxtakar mahiyyətini ifşa etdi.
O əlavə edib ki, dövlətimizin başçısının Avropa Parlamentinin ermənipərəst fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirləri Azərbaycan xalqının mütləq əksəriyyətinin baxışlarını əks etdirir. Çünki, bu təşkilat faktiki olaraq, Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək məqsədinə xidmət edir. Hətta bir çox hallarda Ermənistan parlamentindən daha aqressiv mövqeyi ilə seçilir. Bu ritorika isə son dərəcə zərərlidir və Avropa İttifaqının müəyyən etdiyi strateji xətlə uyğunsuzluq təşkil edir. Biz Avropa ilə münasibətlərimizi daha da dərinləşdirmək istəyirik və AP-nin erməni lobbisinin təsiri altında fəaliyyət göstərən deputatları başa düşməlidir ki, Avropanı və Azərbaycanı bir-birindən təcrid etmək mümkün deyil. Çünki ortada hər iki tərəfin praqmatik maraqları mövcuddur.