Home Gündəm Deputat: Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur öz cəzasını...

Deputat: Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur öz cəzasını alacaq

209
0
SHARE

Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı antiterror əməliyyatıdır və regionda sülhün yaradılmasına xidmət edir. Hər bir Azərbaycan əsgəri dəyərlidir və heç birinin qanı əsla yerdə qalmayacaq. Erməni terrorçuları dəqiq bilməlidirlər ki, Azərbaycan ərazisini tərk etmək istəməyən hər bir silahlı quldur öz cəzasını alacaq.

Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, məsələnin hüquqi tərəfinə gəldikdə, Azərbaycanı 3 avqust əməliyyatına təşviq edən erməni təxribatıdır. Terrorçu Ermənistan dövləti bu günə qədər 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Üstəlik, Bəyanatın 4-cü və 6-cı bəndlərini manipulyasiya etməyə çalışıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçınla bağlı son açıqlaması da bunun əyani sübutudur. Bu, özlüyündə siyasi-diplomatik təxribatdır.

“Bəyanatda Rusiya sülhməramlılarının bölgəyə gəlməsi ilə paralel olaraq bütün erməni terrorçu birləşmələri Azərbaycan ərazisini tərk etməli idi. Ancaq suveren ərazilərimizdə bu günə qədər hələ də erməni silahlı quldurları var. Üstəlik, sülhməramlıların arxasında gizlənərək Azərbaycan əsgərini şəhid ediblər. Azərbaycanın beynəlxalq hüquqla və Milli Konstitusiyası ilə tam haqqı var ki, öz ərazisinin hər bir qarışında suveren hüquqlarını təmin etsin. Avqustun 3-də keçirilən “Qisas” əməliyyatı da buna xidmət edirdi. Bizim qarşımızda dəqiq məqsəd və vəzifələr var. Onlardan biri də münaqişəyə qədər Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda yaşayan azərbaycanlıların öz evlərinə qayıtmasıdır. Bu məsələ də üçtərəfli Bəyanatda öz əksini tapıb”, – deyə H.Babaoğlu vurğulayıb.

Deputat qeyd edib ki, üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar həyata keçiriləcək. Vaxt demək olar ki, yoxdur.

Azərbaycanın öz ərazisində bütün hüquqlarını tətbiq edəcəyini diqqətə çatdıran Hikmət Babaoğlu deyib: “Buna qarşı çıxanları yeni antiterror əməliyyatları gözləyir. Ermənistan bilməlidir ki, nə dünya 30 il əvvəlki dünya, nə də Azərbaycan 30 il əvvəlki Azərbaycandır.

Düşmən qırx dörd günlük müharibənin dərslərini unutmamalıdır. Əks təqdirdə, yeni faciələrə hazır olmalıdır”.