Home Gündəm Deputat: “Ağsu Aqropark”ı ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək

Deputat: “Ağsu Aqropark”ı ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək

186
0
SHARE

Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının üç mərhələsi uğurla icra olunub. Dördüncü Dövlət Proqramın icrası isə davam edir. Məhz bu proqramların icrası sayəsində Azərbaycanın bütün regionlarında müasir asfalt yollar, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları tikilib, su təchizatı və kanalizasiya sistemləri, rabitə, enerji təminatı, qazlaşdırma məsələləri öz həllini tapıb. İşğal olunmuş ərazilərimiz 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrindən məhz erməni işğalına görə kənarda qalıb. Buna baxmayaraq, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü təmin etdi və həmin ərazilərə də yenidən həyatın qaytarılmasına imkan yaratdı.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad olunan gündən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə bu ərazilərə səfərlər edib, görüləcək işlərlə bağlı öz tapşırıqlarını veriblər. Azad olunmuş ərazilərimizdə qısa müddətdə müasir infrastruktur qurulub. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdış həyata keçirilib. Digər yaşayış məntəqələrimizin yenidən qurulması və bərpası isə davam etdirilir. Yaxın zamanlarda məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışının növbəti mərhələsinə şahidlik edəcəyik. Bu gün əsas gücümüz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına yönəldilsə də, ölkəmizin digər regionlarının inkişafı da davam etdirilir. Bütün bu proseslər ölkəmizin iqtisadi gücündən xəbər verir. Dövlətimizin başçısının siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır. Bu səbəbdəndir ki, bütün regionlarımızın yüksək səviyyədə inkişafı təmin edilib. Avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində dövlətimizin başçısı yeni layihələrin açılışlarını edərək, görüləcək işlər haqqında tapşırıqlar verdi. Bu proseslər də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın regionlara səfəri fonunda unudulmaz tarix yaradır.

Milli Məclisin deputatı bildirib ki, İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verən dövlətimizin başçısı son illərdə bölgələrimizdə böyük infrastruktur layihələrinin icra edildiyini qeyd edərək deyib: “Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatıb. İstər qazlaşdırma, istərsə də elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub. Elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.

Ölkəmizdə sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə – Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz”.

Regionlarda icra olunan layihələrin ölkə həyatının yeni mərhələsini əhatə etdiyini bildirən deputat diqqətə çatdırıb ki, bu mərhələ qlobal çağırışlara cavab verməklə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Ağsu rayonunda yaradılmış “Ağsu Aqropark”ı ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına və qeyri-neft ixracımızın artmasına töhfə verəcək. Bu müəssisədə 200-ə qədər yeni iş yeri yaradılıb.

“Basqal qəsəbəsində istifadəyə verilmiş “Basqal Resort & Spa” oteli bu bölgəyə gələn qonaqların yüksək istirahətini təmin etməklə yanaşı, 300 yerli sakini də iş yerləri ilə təmin edəcək. Prezident İlham Əliyevin tapşırığı ilə görülən işlər fonunda Basqal qəsəbəsinə yeni həyat verilib. Çünki bu qəsəbənin infrastrukturu yenidən qurulur. Basqal qəsəbəsi özündə tarixi yaşadır və unudulmuş sənət növlərini yenidən həyata qaytarmaqla sosial-iqtisadi inkişafının yüksək dövrünü yaşayır. Lahıc və Basqal qəsəbələri turistlərin ən çox maraq göstərdikləri tarixi yaşayış yerlərindən biridir. Bu qəsəbələrə çəkilmiş müasir yollar və tarixiliyini özündə əks etdirən sənətkarlığın yenidən inkişafı turistlərin ən çox marağını çəkən sahələrdir”, – deyə Azər Badamov vurğulayıb.

O əlavə edib ki, bu gün regionlarımızda sosial infrastrukturun yenidən qurulması başa çatmaq üzrədir. Növbəti mərhələdə isə yeni istehsal sahələrinin, aqroparkların, turizm infrastrukturunun yaradılması yeni iş yerlərinin meydana gəlməsini və insanların sosial rifahının yaxşılaşmasını özündə əks etdirəcək. Bu gün həm işğaldan azad olunmuş ərazilərimiz, həm də digər regionlarımız özünün yeni inkişaf dövrünü yaşayır. Bütövlükdə isə müasir və güclü Azərbaycanı dünyaya təqdim edir.