Home Cəmiyyət “Dəmir yumruq” həmişə yerindədir və düşmənin istənilən təxribatının qarşısını almağa...

“Dəmir yumruq” həmişə yerindədir və düşmənin istənilən təxribatının qarşısını almağa hazırdır…

100
0
SHARE

Müzəffər Ali Baş Komandanın  iradəsi və Azərbaycan əsgərinin mübarizə əzmi düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir. 

Cənab Prezidentin ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olan 27 sentyabr-Anım Gününü Fizulidə, Vətən Müharibəsində ilk şəhidlərimizi verdiyimiz Qaraxanbəyli kəndində qeyd etməsi şəhidlərimizə göstərilən ali hörmətin növbəti təcəssümüdür. Qaraxanbəyli kəndi də daxil olmaqla beş kəndimiz Vətən Müharibəsinin ilk günündə düşmən işğalından  azad edilmişdir. Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın, xalqımızın Zəfərə gedən 44 günlük əzmkar yolu da məhz buradan başlamışdır. Şəhidlərimizin şərəfinə xatirə lövhəsi Zəfər yolumuzun başlanğıcında, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Cənab Prezidentin Fizuliyə səfəri zamanı öz çıxışında vurğuladığı kimi ilk şəhidlərimizi verdiyimiz həmin ərazilərdə düşmən səngərləri yerləşirdi, həmin istiqamətlərdə beş-altı müdafiə xətti mövcud idi. Çünki düşmən torpaqlarımızı işğal altında saxladığı 30 illik müddət ərzində  bizdən fərqli olaraq  torpaqlarda qurub-yaratmaq, şəhərləri, kəndləri bərpa etməklə yox, əksinə şəhər və kəndləri dağıtmaq, səngər qazmaq, müdafiə istehkamları qurmaqla məşğul olmuşdur. Birincisi, ermənilər özləri də bilirdi ki, o torpaqlar onlar üçün Vətən deyil, ona görə də onlarda qurub-yaratmaq istəyi olmamışdır. Digər tərəfdən, erməni işğalçıları yaxşı başa düşürdü ki, Azərbaycan bu işğalla barışmayacaq, münaqişənin sülh yolu ilə həll edilməsi üsulları tükənəndə biz müharibə ilə torpaqlarımızı geri qaytaracağıq. Və bu belə də oldu. 30 il müddətində başda BMT və münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu olmaqla beynəlxalq təşkilatların və beynəlxalq hüququn münaqişənin sülh yolu ilə həll edilməsində aciz olduğunu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması tələb olunmasına baxmayaraq işğalçı dövlətə qarşı heç bir ciddi sanksiya tətbiq olunmadığını gördükdə biz artıq torpaqlarımızı işğaldan azad etmək üçün müharibədən başqa yol olmadığını gördük.27 sentyabr tarixində Müzəffər Ali Baş Komandanın Ermənistanın hərbi təxribatlarına cavab olaraq dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə başlayan İkinci Qarabağ Müharibəsində 30 il ərzində qurulmuş heç bir düşmən səngəri, müdafiə xətti, istehkam qurğusu  Azərbaycan xalqının 30 illik Vətən həsrəti, Azərbaycan əsgərinin mübarizə əzmi, cəsarəti, Müzəffər Ali Baş Komandanın  iradəsi və haqq-ədalət qarşısında tab gətirə bilmədi.Azərbaycanın əsgər və zabitləri torpaqlarımızın düşməndən azad edilməsi, xalqımızın ləyaqətinin bərpa edilməsi, məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtması naminə öz canlarını fəda etdi. Bu gün Şuşada və azad edilmiş digər şəhər və rayonlarımızda üçrəngli bayrağımızın dalğalanmasını xatirəsini ən yüksək ehtiramla yad etdiyimiz şəhidlərimizə və Müzəffər Ali Baş Komandana borcluyuq.Azərbaycan xalqı, Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, qazanılan Zəfərin keşiyində durmaq bizim hər birimizin vəzifəsidir. Xüsusilə Ermənistanın sülh danışıqları prosesindəki məsuliyyətsiz hərəkətləri, qanunsuz erməni silahlı birləşmələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmaması, nəqliyyat dəhlizlərinin açılması prosesinin pozulmasına yönəlmiş şərtlər irəli sürməsi və son dövürlərdə artan təxribatçı hərəkətlər bizə göstərdi ki, rəsmi İrəvan münasibətlərin normallaşdırılmasının qarşısını kəsən məqsədyönlü və destrukiv fəaliyyət göstərməkdə davam edir. Odur ki, Ermənistan ilə aparılan siyasi-diplomatik danışıqlara etibar etmək olmaz. Biz əlbəttə hər zaman münaqişələrin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həll olunmasının tərəfdarıyıq, lakin bu danışıqlar nəticə vermədikdə düşmən də bilməlidir ki, “Dəmir yumruq” həmişə yerindədir və  düşmənin istənilən təxribatının  qarşısını almağa hazırdır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

Ziyafət Əsgərov