Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri – deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Pərvin Kərimzadə, Fazil Mustafa, Asim Mollazadə və Sevinc Fətəliyeva qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-da Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, sessiyada AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərə baxılacaq.
Nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.
Səfər oktyabrın 16-da başa çatacaq.