2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. İgid döyüşçülərimiz 44 gün dayanmadan irəlilədilər və otuz il işğal altında qalan torpaqlarımızı azad edərək qəhrəmanlıq dastanı yazdılar.
TAN.AZ 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.
Müharibənin 20-ci günü
• Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində məlumat verib.
• Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.
• Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan olub. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.
• Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsinin və Xocavənd rayonunun kəndlərinin videogörüntülərini paylaşıb.
• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.