“Bu il noyabrın 8-i Zəfərin ikinci ili olacaq. Lakin bu qısa müddətdə böyük işlər görüldü”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Qarabağın bərpasının bu dərəcədə sürətli şəkildə həyata keçirilməsini şərtləndirən əsas amil dövlət başçısının diqqəti və birbaşa işlərə nəzarəti oldu: “Torpaqlarımız işğaldan azad olunan gündən etibarən Prezident İlham Əliyevin bu yerlərə tez-tez səfərləri baş tutur. Ermənilərin 30 ilə məhv etdiyi, xarabalığa çevirdiyi doğma torpaqlarımız, yaşayış məntəqələrimiz qısa müddətə bərpa olunub, başa çatacaq. Bu gün Qarabağa həyat qayıdıb, artıq o miskin görüntüsündən azad olub. Bir il əvvəl Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağda ilk beynəlxalq aeroportun – Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Bu il isə yenə hər iki prezidentin iştirakı ilə Şərqi Zəngəzurda Zəngilan Beynəlxalq Hava Limanı fəaliyyətə başladı. Bu hava limanlarının tikilməsilə uzun illər diqqətdən kənar qalmış işğaldan azad edilən bu ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şərait yaranacaq, turistlərin daha sərfəli, qısa yolla birbaşa əsarətdən xilas olan torpaqlarımıza səfər etməsi mümkün olacaq. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının fəaliyyəti ölkəmizin logistik imkanlarını genişləndirməklə yanaşı, bölgənin iqtisadi inkişaf imkanlarının artırılması baxımından vacib rol oynayacaq. Zəngilan rayonunda istifadəyə verilən beynəlxalq hava limanı Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrindən biridir”.
Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər iki hava limanının açılışında birgə iştirakının Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının növbəti təzahürü olduğunu vurğulayan Müşfiq Cəfərovun sözlərinə görə, Türkiyə-Azərbaycan bağları möhkəm və əbədidir: “Doğrudur, bundan narahatlıq keçirən, bu birliyə qarşı olaraq Ermənistanı himayə edərək müxtəlif qarşıdurmalar yaratmağa çalışan dövlətlər də var. Lakin gec, ya da tez Ermənistan da mütilikdən tam azad olaraq doğru yolu, yəni inkişaf və rifahı seçəcək. Bunun da yeganə yolu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasıdır”.