“Dünyanın gündəmini bir çox məsələ zəbt edib. Əvvəl pandemiya, indi Ukraynada baş verən toqquşmalar və bunun nəticəsində çoxlu sayda insan tələfatı və bununla müşahidə olunan digər məsələlər”.
TAN.AZ xəbər verir ki, bunu Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl Transformasiya” konfransında deyib.
Onun sözlərinə görə, bütün icmalar, cəmiyyətlər, ölkələr, siyasətçilər dərk etməkdədir ki, dünyanın gələcəyini xilas etmək üçün bir sıra mühüm təşəbbüslərə dair səylərin artırılmasından başqa yol qalmayıb: “Eyni zamanda, bəşəriyyət daha aydın şəkildə dərk etməyə başlayıb ki, insan üçün onun sağlamlığı və həyatı hesabına komfort yaratmaq çox ciddi bumeranqa çevrilib. Bu mənada karbohidrogen ehtiyatlarından və digər buna bənzər enerji növlərindən istifadə etməklə insan üçün komfort yaratmaq cəhdlərinin artıq bəşəriyyətin gələcəyi üçün nə qədər böyük təhlükələr yaratdığı artıq dərk edilməkdədir. Bunun əsasında insanın komfortunun onun sağlamlığına və həyatına təhlükə yaratmayacaq üsul və formalarla təmin etmək məntiqi getdikcə üstünlük kəsb edir. Bu mənada “yaşıl enerji”yə üstünlük verilməsi, yaşıl inkişaf məntiqinin gücləndirilməsi indiki zamanda xüsusi əhəmiyyət daşıyır. Bütün beynəlxalq layihələrə Azərbaycan hökuməti yaxından iştirak etdiyi kimi, BMT-nin başçılığı ilə irəli sürülmüş dünyamızın 2030-cu ilə qədər dəyişdirilməsi layihəsində də Azərbaycan yaxından iştirak edir, hökumət səviyyəsində bu istiqamətdə çoxlu işlər görülməkdədir. Azərbaycan indiyə qədər bu layihənin həyata keçirilməsi səylərini ortaya qoyan öz könüllü milli hesabatını təqdim edib. Hansı ki, dünyada indiyə qədər 10 ölkə belə hesabat təqdim edib. Bu, layihə çərçivəsində Azərbaycanın bir çox mühüm nailiyyətlər əldə etdiyini bu göstərici ilə ifadə etmək mümkündür”.
Əli Əhmədov vurğulayıb ki, “yaşıl enerji”, “yaşıl inkişaf” nöqteyi-nəzərindən də Azərbaycan hökuməti qlobal miqyasda həyata keçirilən bütün təşəbbüslərin məsuliyyətini dərk edərək özlərinə çox vacib öhdəliklər götürür: “Azərbaycan enerji istehsal edən və satan ölkə olmasına baxmayaraq, “yaşıl enerji”yə keçmək sahəsində çox ciddi öhdəliklər öz üzərinə götürüb. Bu öhdəliklər Azərbaycanın bütövlükdə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən karbohidrogen ehtiyatlarından milli inkişaf baxımından istifadə olunması kontekstində müəyyən qədər məntiqsiz görünür. Amma Azərbaycan “yaşıl inkişaf” baxımından çox ciddi öhdəliklər götürüb. 2030-cu ilə qədər bizim üzərimizə götürdüyümüz öhdəliklər enerji balansımızda mühüm əhəmiyyət kəsb edir. Bundan sonrakı illərdə Azərbaycan bu istiqamətdə səylərini daha da artıracaq. Azərbaycan beynəlxalq birliyin həll etməyə çalışdığı problemlərlə bağlı öz səylərini əsirgəmir. Azərbaycan nisbətən gənc dövlət olmasına baxmayaraq, BMT-nin və bütövlükdə müasir bəşəriyyətin gələcəklə əlaqədar irəli sürdüyü təşəbbüslərdə yaxından iştirak edir və bundan sonra da edəcək”.