Qarabağ münaqişəsi 44 günlük uğurlu hərbi əməliyyatların və 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması nəticəsində öz həllini tapıb. Oktyabrın 31-də Soçiyə səfəri zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə Prezident İlham Əliyev ilk olaraq bu məsələyə diqqət çəkdi və artıq Qarabağ münaqişəsinin tarixdə qaldığını, bundan sonra isə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün addımlar atmağın vaxtı olduğunu vurğuladı. Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən görüşlər bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsip irəli sürüb. Azərbaycanın irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa tamamilə uyğundur və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Qarabağ münaqişəsi iki il öncə həll olunduğu üçün burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Ümumiyyətlə, Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir. Çünki, Qarabağ artıq Azərbaycanın daxili işidir. Bəyanata əsasən, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması nəzərdə tutulub ki, bunun üçün də beynəlxalq hüquq və normalara sadiqlik əsas götürülür”, – deyə C.Osmanov vurğulayıb.
O qeyd edib ki, münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq edilmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüquq və normalara sadiqlik nümayiş etdirir. Çünki ölkəmiz Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Soçi Bəyanatında da Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olunur. Bu da özlüyündə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Ermənistanın bir sıra iddialar səsləndirməsi isə bu bəyanatın nəticəsi olaraq puç oldu. Bəyanatda diqqət çəkən məqamlardan biri də humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmanın əldə olunmasıdır.
Deputat deyib: “Prezident İlham Əliyev Qarabağ münaqişəsi bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün iki ölkə arasında sülh müqaviləsinin imzalanması əsas şərtdir. Məhz Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması dövlətimizin başçısının mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir. Bunun üçün də mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam etdiriləcək və Rusiya Federasiyası prosesə hər vasitə ilə kömək göstərəcəkdir”.
Cavid Osmanov bildirib ki, qəbul edilmiş Bəyanata əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmləndirmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi əsas olaraq göstərilir.