Home Gündəm Ceyhun Bayramov: Ermənistan üçtərəfli Bəyanatın bir sıra müddəalarının icrasından boyun qaçırır

Ceyhun Bayramov: Ermənistan üçtərəfli Bəyanatın bir sıra müddəalarının icrasından boyun qaçırır

142
0
SHARE

Noyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və media nümayəndələri iştirak ediblər.

TAN.AZ xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.

Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun mətinliyi və mübarizliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti nəticəsində minlərlə azərbaycanlının öz torpaqlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verən nazir postmünaqişə dövründə Ermənistanın hələ də sülh prosesi istiqamətində səylərdə destruktiv mövqe sərgilədiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın qalib dövlət kimi 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanatın icrası istiqamətində səylərinə, ölkəmizin keçmiş məcburi köçkünlərin geri qayıdışı, bölgədə kommunikasiyaların açılması və işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, Ermənistanın üçtərəfli Bəyanatın bir sıra müddəalarının icrasından boyun qaçırdığını, sülh quruculuğu prosesinə xələl gətirən təxribatlar törətdiyini, işğaldan azad olunmuş əraziləri minalamağa davam etdiyini bildirib.

Nazir, həmçinin bu il diplomatik xidmət orqanlarına qəbul imtahanlarından müvəffəqiyyətlə keçərək əmək fəaliyyətinə başlayan, Tərtər, Talış kəndi, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, “Suqovuşanın işğaldan azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Valeh Vüqar oğlu Salmanovun da tədbir iştirakçıları arasında olduğunu xüsusi vurğulayıb.

Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq hüquqi müstəvidə Ermənistana qarşı həyata keçirilən məhkəmə işləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycan tərəfindən qaldırılmış əsas vəsatətlər təmin olunduğu halda, Ermənistan tərəfindən ölkəmizə qarşı irəli sürülən bir sıra iddiaların, o cümlədən saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına, 2022-ci il sentyabrın 12-13-də Ermənistanın hərbi təxribatları zamanı saxlanılmış erməni hərbçilərinə münasibətdə yeni məhkəmə qərarının qəbul edilməsinə dair vəsatətlərin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edildiyi bildirilib. Nazir müavini sözügedən qərarların Ermənistanın beynəlxalq hüquqi müstəvidə uğursuzluğunun göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın bundan sonra da beynəlxalq hüquqi müstəvidə Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşıması istiqamətində səylərini davam edəcəyi vurğulanıb.

Zəfər Gününə həsr olunmuş tədbirdən sonra keçirilən geniştərkibli iclas çərçivəsində nazir Ceyhun Bayramov “Azərbaycan diplomatiyası: çağırışlar və prioritetlər” mövzusunda təqdimatla çıxış edib.