SOCAR-ın törəmə şirkəti olan BOS Şelf MMC-nin çoxsaylı kollektivi möhtəşəm Zəfər Gününü təntənəli şəkildə qeyd edib.
BOS Şelf tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində Zəfər Gününün ilk il dönümündə inşa olunmuş “Zəfər Parkında” baş tutmuş tədbirdə BOS Şelf şirkətinin Baş Direktor vəzifəsini icra edən Nazim Hüseynov, şirkətin rəhbər heyəti, əməkdaşları, müharibə qaziləri, eləcə də tədbirə dəvət olunmuş qonaqlar, Millət vəkili Aydın Hüseynov, Millət vəkili və I Qarabağ müharibəsi veteranı Arzu Nağıyev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qarabağ qaziləri şurasının Qaradağ rayonu üzrə sədri Əvəz İsmayılov və II Qarabağ müharibəsində şəhid olmuş qəhramanlarımızın ailə üzvləri iştirak etmişlər.
Mərasimdən öncə, BOS Şelf rəhbərliyi və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklillər qoyaraq, onun xatirəsini yad etmişlər.
Tədbirin açılışı çərçivəsində tarixi qələbəmizin memarı olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Dövlət himni səsləndirildi və BOS Şelf əməkdaşı, II Qarabağ müharibəsi qazisi Ramal Rəhimov tərəfindən Azərbaycan bayrağı qaldırıldı.
Şirkətin Baş Direktor vəzifəsini icra edən Nazim Hüseynov tədbirin açılışında çıxış edərək, 44 günlük zəfər döyüşləri barədə geniş məlumat verib, Ali Baş Komandan İlham Əliyev tərəfindən qurulan və həyata keçirilən strategiyanın əldə edilmiş böyük qələbə üçün önəmini vurğulayaraq açılışa toplanan hər kəsi təbrik etdi.
“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, fədakar Azərbaycan əsgərinin qəhramanlığı və ümumi Azərbaycan xalqının birliyi nəticəsində, 44 gün ərzində möhtəşəm qələbəmizə imza atıldı. Bizi qələbəyə çatdıran, bizə bu gözəl günü yaşatdıran şəhid olmuş qəhramanlarımızın ailələri qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik, bütün müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk. Biz bu gün əsası Ulu Öndə Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ətrafında, həmişə olduğu kimi, sıx birləşməli, öz üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməliyik. Bu gün hamımız, çalışdığımız sahədən asılı olmayaraq, əsgər olmalıyıq. Biz hamımız dəmir yumuruq kimi bir olmasaydıq, qələbəmizə çata bilməzdik. Bu gün biz fəxrlə deyə bilərik ki, bizim müstəqilliyimiz əbədidir. Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan, var olsun müzəffər Azərbaycan ordusu. Qarabağ Azərbaycandır!” – Nazim Hüseynov
Tədbirdə çıxış edənlərin sırasına Millət vəkilləri Aydın Hüseynov və Arzu Nağıyev, Qarabağ qaziləri şurasının Qaradağ rayonu üzrə sədri Əvəz İsmayılov, şəhid Şaiq Kəlbiyevin atası və BOS Şelf şirkətinin əməkdaşı Namiq Kəlbiyev və II Qarabağ müharibəsi qazisi Elvin Babayev qoşuldular. Çıxış edənlər Vətən Müharibəsi şəhidlərini dərin hüzn və ehtiramla yad etdilər.
Tədbir çərçivəsində II Qarabağ müharibəsi iştirakçiları olan BOS Şelf əməkdaşları pul mükafatları almışlar. Həmçinin BOS Şelf rəhbərliyinin təşəbbüsü ilə və Millət vəkili Aydın Hüseynovun iştirakı ilə Qaradağ rayonunun ərazisində yaşayan şəhid ailələrinə və qazilərə ziyarət edilmişdir.
BOS Şelf-dən aldığımız məlumata görə şirkətin 58 işçisi Vətən müharibəsində iştirak edib. Həmin əməkdaşların 4 nəfəri döyüş zamanı yaralanmış, 9 nəfəri isə ciddi şəkildə xəstələnib. Onların hər birinin əməliyyat və müalicə xərcləri şirkət tərəfindən qarşılanıb. Müharibə dövründə döyüşçü-işçilərin əmək haqqı ikiqat ödənilmiş, onların ailələrinin ehtiyacları daim diqqət mərkəzində saxlanılmışdır.
BOS Şelf şirkətinin rəhbərliyi müharibə veteranlarına daim xüsusi həssaslıqla yanaşır. Belə ki, BOS Şelf-də işlə təmin olunmaq məqsədilə Vətən müharibəsi iştirakçısı olan 578 nəfərin siyahısı tutulub. Nəticədə növbəlilik əsasında onların müxtəlif peşələr üzrə təlimlərə cəlb edilməsi planlaşdırılıb. Artıq 57 nəfər II Qarabağ müharibəsi veteranı BOS Şelf tərəfindən təşkil olunmuş müxtəlif peşələr üzrə təlimlərdən keçməklə işlə təmin olunub.
Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi ərzində şirkətin həm rəhbər heyəti, həm də sıravi işçiləri mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər etmiş, qəhrəman zabit və əsgərlərimizə istər maddi, istərsə də mənəvi dəstəklərini əsirgəməmişlər. BOS Şelf həmçinin, şəhid ailələrinin və qazilərimizin sağlamlıqla bağlı və sosial xarakterli problemlərinin həllini də daim diqqət mərkəzində saxlayır.
SOCAR ailəsinin bir hissəsi olaraq, BOS Şelf şirkətinin kollektivi Zəfər Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, şəhidlərimizin ruhuna sonsuz ehtiramını bildirir, qazilərimizə sağlamlıq arzulayır, böyük Zəfəri bizə bəxş etdiklərinə görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə və Vətən müharibəsinin bütün iştirakçılarına sonsuz minnətdarlığını çatdırır.