Home Gündəm Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il keçir

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il keçir

133
0
SHARE

“Bu konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.

           Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

“44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz – bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”.

                İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bu günlərdə müstəqil dövlətimizin tarixində xüsusi yer tutan mühüm hadisənin – hüquq sisteminin özəyini təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin növbəti ildönümü qeyd olunur. İyirmi yeddi il bundan öncə – 1995-ci il noyabrın 12-də müstəqillik, suverenlik, demokratiya, dünyəvilik kimi dəyərlərin daimi və dönməz olduğunu bəyan edən ölkəmizin Əsas Qanunu qəbul edilib. Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 27-ci ildönümünün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində parlaq Qələbəsi şərəfinə təsis edilmiş Zəfər Gününə yaxın günə təsadüf etməsi isə bu tarixi daha da əlamətdar edir.

1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyi bərpa edilsə də, ölkəmiz milli təhlükəsizliyi təhdid edən hərbi təcavüz, xarici təzyiqlər və daxili çəkişmələr, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi ciddi problemlərlə üzləşdi. Ölkədə iqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin surətdə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi isə ciddi şəkildə artmış, sözün əsl mənasında hakimiyyət boşluğu yaranmışdı. Belə bir mürəkkəb zamanda ilk növbədə cəmiyyətdə sabitliyi bərpa etmək iqtidarında olan, həmçinin dövlətin milli maraqlarını təmsil edə biləcək siyasi qüvvə və iradəyə çox böyük ehtiyac yaranmışdı. Məhz bu cür çətin vəziyyətdə xalqımız ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb etdi və nəhayət, Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya qayıtdı. O zaman Ulu Öndər “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”,- deyərək olduqca məsuliyyətli missiyanı öz üzərinə götürdü.

Məlum olduğu kimi, qarşıdan gələn 2023-cü ildə milli Konstitusiyanın müəllifi, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamla 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.

Azərbaycanda müasir demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış məhz Ümummilli Liderin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin milli dövlətçiliyimizin formalaşması, möhkəmləndirilməsi və inkişafındakı misilsiz fəaliyyəti Azərbaycanın hər bir vətəndaşı üçün daim örnək olaraq qalacaq.

Dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən biri uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması oldu. Bu, şübhəsiz ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malik idi. Bu mənada təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsasının qoyulması, davamlı hüquqi-siyasi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəyliyi təmin edən ideologiyanın yaradılması xüsusilə vurğulanmalıdır.

Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi sabitliyin təmin olunması bir çox sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsinə lazımi şərait yaratdı, qısa müddətdə qanunvericilik islahatları reallaşdırılaraq əhəmiyyətli nailiyyətlər əldə edildi. Həyata keçirilmiş islahatlar çərçivəsində ən əlamətdar və mühüm hadisələrdən biri isə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu.

İlk milli Konstitusiyanın qəbulu xalqımızın müstəqil, suveren dövlət qurmaq, dünya birliyində öz layiqli yerini tutmaq əzmini bir daha nümayiş etdirdi. Ulu öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə deyirdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq qəbul edilən bu tarixi sənəd dövlətçiliyimizin inkişafında yeni səhifə açdı. Əsas Qanunun qəbulu müstəqillik tariximizin ən önəmli hadisələrindən biri olmaqla, dövlətçiliyin möhkəmləndirilməsi, eyni zamanda, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından olduqca mühüm ictimai-siyasi hadisə idi. Konstitusiyanın qəbulu ölkənin inkişafının keyfiyyət baxımından tamamilə yeni mərhələyə – dövlət siyasətinin mərkəzində insan və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik dəyərlərin olduğu bir mərhələyə qədəm qoymasının göstəricisi oldu.

Ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Əsas Qanunun normaları hüquqi tənzimetmə sisteminin əsasında dayanır, ictimai münasibətlərin inkişafında sabitlik amili olaraq çıxış edir, dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir. Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ olaraq təsbit edir.

İstənilən sivil cəmiyyətdə insan hüquq və azadlıqlarının tanınması və həmçinin bu hüquq və azadlıqların təminatı mexanizmlərinin mövcudluğu olduqca böyük əhəmiyyət kəsb edir. Bu gün cəmiyyətin inkişafı insanın ali dəyər, onun hüquq və azadlıqlarının təmin edilməsinin isə dövlətin qarşısında duran əsas vəzifə kimi qəbul edildiyi halda mümkündür. Bu baxımdan qeyd edilməlidir ki, Əsas Qanunun ən böyük fəsli olan üçüncü fəsli bütövlükdə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, bu fəsildə hüquqi dövlətdə təmin edilməsi zəruri olan əsas hüquq və azadlıqlar, onların reallaşdırılma mexanizmləri, eyni zamanda, ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının mümkün hədləri nəzərdə tutulmuşdur. Xüsusilə qeyd edilməlidir ki, Əsas Qanunda ehtiva edilən bu hüquq və azadlıqlar vətəndaşlara verilən imtiyaz deyil, hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyər kimi ifadə edilir. Bu mənada, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumağın qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olması ilə bağlı müddəa olduqca önəmlidir.

Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq təsbit edilməsi, eyni zamanda, Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmasının qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır.

Ölkənin Əsas Qanunu ən yüksək hüquqi qüvvəyə malik olmaqla, canlı orqanizm kimi daim inkişafdadır. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetinə daxil olan münasibətlər, hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə konstitusiya islahatlarının aparılması obyektiv tələbata çevrilir. Bu baxımdan bu ali sənədin də müəyyən vaxtlarda müvafiq əlavə və dəyişikliklərin edilməsi yolu ilə müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Məlum olduğu kimi, məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Şübhəsiz ki, həyata keçirilmiş Konstitusiya islahatları demokratik prinsip və dəyərlərin bərqərar olmasının, insan hüquq və azadlıqlarının təminatına göstərilən diqqətin təzahürü olmaqla, ölkəmizdə demokratikləşmə proseslərinin genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin, yüksək templə gedən inkişafın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən irimiqyaslı islahatlar öz əsasını məhz Konstitusiyadan götürüb. Əsas Qanunda təsbit edilmiş prioritetlər və prinsiplər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, dövlət hakimiyyəti orqanlarının, o cümlədən məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təşkili, eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin və hakimlərin statusunun əsasları təsbit edilməklə onların fəaliyyəti üçün əsaslı hüquqi zəmin yaradıb.

Əsas Qanunun dövlətimizin hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin timsalında konstitusiya nəzarəti orqanının yaradılması oldu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və 1998-ci ildə fəaliyyətə başlamış Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Əsas Qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində sorğu, müraciət və şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları ilə bu məqsədləri həyata keçirməklə milli hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsinə, bütövlükdə hüquqi dövlətin gücləndirilməsinə öz töhfəsini verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquq və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır.

Qarşıdan gələn 2023-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 25 illiyidir. Məhkəmənin fəaliyyətini ümumi təhlil edərkən qeyd olunmalıdır ki, ötən dövr ərzində pozulmuş insan hüquq və azadlıqlarının bərpasına yönələn bir sıra mühüm əhəmiyyət kəsb edən qərarlar qəbul edilmiş, daxil olan sorğu, müraciət və konstitusiya şikayətləri əsasında qanunların düzgün anlamı və tətbiqinə dair rəsmi şərh və izahlar verilmişdir.

Fəaliyyətə başladığı dövrdən bu günə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 521 qərar və 148 qərardad qəbul edilmişdir. Ötən illərdə olduğu kimi, 2022-ci il ərzində də Məhkəmənin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul olunub.

Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

Həmin Qərarda vurğulanıb ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Eyni zamanda, yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələrinin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməli olması qeyd edilib.

Xüsusi qürur hissi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 24-cü ildönümü münasibətilə cari il iyulun 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış bir neçə qərarın elan olunması üçün Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə səfər ediblər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən müdrik daxili və xarici siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş doğma torpaqlarımıza səfər etmək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi üçün xüsusilə əlamətdar hadisə oldu.

Şuşa şəhərində elan edilən qərarlardan biri olan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında şərti məhkumetmə təyin olunarkən məhkəmə tərəfindən müəyyən olunmuş sınaq müddəti ərzində şəxs tərəfindən yeni cinayətin törədilməsi ilə bağlı məsələyə dair Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayıb ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır.

Bu Qərarda, həmçinin göstərilib ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinin mənasına görə, davam edən cinayətin birinci epizodunun şəxs tərəfindən başqa cinayət üzrə hökm çıxarılmazdan əvvəl törədildiyi və həmin hökm qanuni qüvvəyə mindikdən sonra davam edərək başa çatdırıldığı halda, cinayət hökm qanuni qüvvəyə mindikdən sonra törədilmiş hesab edilməli və cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə təyin olunmalıdır.

Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır.

Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında qeyd edilib ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır.

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsinin müasir inkişaf tendensiyalarının, həmçinin beynəlxalq təcrübənin Məhkəmənin fəaliyyətində tətbiq edilməsinə xüsusi diqqət yetirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qəbul edilən bir çox qərarlarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, həmçinin respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, digər ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edir.

Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı vaxtdan beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək, xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir. Hazırda Məhkəməmiz Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələri Konfransı, Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası, Avrasiya Konstitusiya Nəzarəti Orqanları Assosiasiyası və Türk Dövlətləri Təşkilatının Konstitusiya Yurisdiksiyaları Konfransının tamhüquqlu üzvüdür.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində ayrı-ayrı dövlətlərin konstitusiya nəzarəti orqanları, həmçinin beynəlxalq təşkilatlar tərəfindən təşkil olunan mötəbər tədbirlərdə iştirak edir. Sonuncu belə tədbirlərdən biri Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatı tərəfindən cari il oktyabrın 4-7-də təşkil edilmiş 5-ci Dünya Konqresi oldu. Geniş formatda keçirilən bu tədbirdə bir sıra aktual mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib. Təşkil olunan bu cür beynəlxalq konfranslar, tədbirlər konstitusiya ədalət mühakiməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün geniş imkanlar yaradaraq, eyni zamanda, yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün olduqca əlverişli platforma qismində çıxış edir.

Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclər arasında hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə və təbliğinə hər zaman diqqət yetirir. Gənclərin hüquqi biliklərinin artırılması, Konstitusiyanın əsasları və mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə ənənəvi olaraq, hər il ölkəmizin müxtəlif bölgələrində 12 Noyabr – Konstitusiya Günü münasibətilə ali təhsil müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında hüquq olimpiadası keçirilir. Cari ilin oktyabrında respublikanın bir sıra rayonlarında orta təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilib. Gələn ilin fevralında isə Bakıda təşkil ediləcək hüquq olimpiadası Əsas Qanunun müəllifi olan ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Ümumilikdə ölkəmizdə aparılan gənclər siyasətinə uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətində də gənclərin iştirakı müasir dövrün tələblərinə uyğun həyata keçirilir. Belə ki, ali təhsil müəssisələrinin tələbələri mütəmadi olaraq Məhkəmədə təcrübə keçərək, konstitusiya nəzarəti orqanının fəaliyyəti ilə əyani surətdə yaxından tanış olmaq imkanı əldə edirlər.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə gənclər arasında işbirliyindən bəhs edərkən Məhkəmədə keçirilən Könüllü Proqramını xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində 2019-cu ildən keçirilən bu Proqrama gənclərin marağı kifayət qədər böyükdür. Könüllülər Məhkəmənin Aparatının müxtəlif şöbə və sektorlarında təcrübə keçir, Məhkəmənin Plenum iclaslarının təşkil edilməsi, eyni zamanda, vətəndaşların qəbulu prosesində bilavasitə iştirak edir, sorğu, müraciət və şikayətlərin öyrənilməsi vasitəsilə əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmi ilə yaxından tanış olurlar.

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin ideyaları əsasında sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayan dövlətimiz inkişafının tarixi dönüş mərhələsindədir. Əminliklə deyə bilərik ki, ölkəmiz ildən-ilə güclənərək müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayır.

Dövlət müstəqilliyimizin bərpasından ötən müddət ərzində ən taleyüklü hadisə isə şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən şanlı hadisəsidir. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu tarixi Qələbə qazandı, döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi. Azərbaycan əsgəri nümunəvi igidliyi ilə dövlətimizin ərazi bütövlüyünü cəsarətlə və şərəflə qorudu.

Qeyd edilməlidir ki, ərazi bütövlüyünün bərpa olunması və işğal olunmuş Azərbaycan torpaqlarının düşmən əsarətindən azad edilməsinin ilkin təməli Ulu Öndər tərəfindən qoyulub. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyev siyasətinin başlıca istiqamətlərindən biri olub. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunub, nəticədə hərbi əməliyyatlar dayandırılıb, ordu quruculuğu üçün şərait yaradılıb.

Ulu öndər Heydər Əliyev hər bir görüşündə, çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyəti, hərbi təcavüz nəticəsində ölkəmizin düşdüyü ağır vəziyyət, doğma yurdlarından qovulan bir milyona yaxın qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşadıqları barədə dünya ictimaiyyətini məlumatlandıraraq, bu münaqişənin ədalətli həllinə çalışıb. Ümummilli Liderin işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində göstərdiyi səylər təkcə diplomatiya ilə məhdudlaşmırdı. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və Silahlı Qüvvələrin peşəkar, yeni nəsil mütəxəssislərlə, qabaqcıl texnika ilə təchiz edilməsi istiqamətində mühüm addımlar atıb.

Ulu öndər Heydər Əliyev 1994-cü il 9 aprel tarixində Füzuli rayonunda əsgərlər qarşısında çıxışı zamanı qeyd edib: “…biz gərək heç kimə arxayın olmayaq, öz torpaqlarımızı özümüz müdafiə edək, ərazilərimizi işğalçılardan təmizləyək. Mən inanıram ki, biz ordumuzun gücü ilə torpaqlarımızı azad edəcəyik”.

Əsası Ümummilli Lider tərəfindən qoyulan hərbi quruculuq prosesi daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi, müzəffər Ordumuz ən qabaqcıl və nümunəvi ordulardan birinə çevrildi. Bu, Ordumuzun döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, kadr potensialının möhkəmləndirilməsi, yüksəkixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün oldu.

Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, diplomatik məharəti, qətiyyəti, Ordumuzun hərbi qüdrəti, Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, cəsurluğu, qələbə əzmi, rəşadəti, döyüş əhval-ruhiyyəsi və xalqımızın böyük əzmi həlledici rol oynadı. Müzəffər Ali Baş Komandanın xalqa müraciətində qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsini şərtləndirən əsas amillər ölkə daxilində yaşanan həmrəylik, Azərbaycan dövlətinin hərbi üstünlüyü, eyni zamanda, bu sahədə atılan diplomatik addımlar oldu. Qırx dörd gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu Qələbə istisnasız olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatiyasının böyük uğurudur.

Ölkənin siyasi rəhbərliyinin müharibə dövrü ərzində xarici dövlətlərin kütləvi informasiya vasitələri ilə effektiv işi müharibə haqqında həqiqətlərin dünyaya çatdırılmasına, o cümlədən informasiya cəbhəsində də qələbə qazanılmasına imkan yaratdı. 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30-a yaxın xarici media orqanına müsahibə verərək, torpaqlarımızın 30 ilə yaxın işğal altında olduğunu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra edilmədiyini, həmçinin müharibənin başlanma səbəblərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Beləliklə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, Ordumuzun gücü və xalqımızın dövlətimizin başçısı ətrafında bir məqsəd uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin etdi.

Bu yaxınlarda, Azərbaycan növbəti siyasi-hərbi qələbəsini qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2022-ci il avqustun 26-da bütün Azərbaycan xalqını bir daha sevindirərək bu haqda məlumat verdi: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Sentyabrın 21-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın şəhərində Zəfər rəmzi olaraq Azərbaycan Bayrağını ucaltdı. Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin işğaldan azad edilərək Ordumuzun tam nəzarəti altına götürülməsi mühüm strateji əhəmiyyətə malik hadisə olmaqla, regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur.

Dövlətimizin 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmasına baxmayaraq, Ermənistan tərəfinin hərbi təxribatları müharibədən sonrakı dövrdə də davam edib. Belə ki, cari il sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin bir neçə istiqamətində genişmiqyaslı təxribat törədib, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Eyni zamanda, Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan intensiv atəşə tutulub. Nəticədə Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itkilər olub, hərbi infrastruktura ziyan dəyib.

Ermənistan tərəfindən bu cür təxribatların törədilməsi üçtərəfli Bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını pozmaqla, sağlam dialoq mühitinin yaradılmasına, ümumilikdə regionda təhlükəsizliyin təmin olunmasına olduqca mənfi təsir göstərir.

44 günlük Vətən müharibəsindən bəhs edərkən, belə bir çətin dövrdə qardaş Türkiyə dövlətinin Azərbaycana dəstəyi xüsusi vurğulanmalıdır. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olduğu bütün dünyaya məlumdur. Müharibənin ilk günlərindən Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan açıq bəyanatlar səsləndirərək, bu müharibədə Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi.

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının və Türkiyə Respublikasının prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin növbəti təzahürü olan Şuşa Bəyannaməsi müstəsna tarixi və siyasi əhəmiyyətə malikdir.

Bu tarixi Bəyannamənin imzalanmasının dövlətimiz üçün olduqca vacib 15 İyun – Milli Qurtuluş Günü və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin isə xüsusi mənası var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqama toxunaraq qeyd edib: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Ortaq maraqların qorunmasında imkanların birləşdirilməsi, həmçinin regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin əlaqələndirilməsi sözsüz ki, hər iki ölkənin həm regional, həm də beynəlxalq rolunu və çəkisini artırır.

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığının yeni dövrü başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır.

Cari ilin oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünə təsadüf edən Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi xüsusilə sevindirici haldır. Azərbaycanın və Türkiyənin dövlət başçılarının Cəbrayıl şəhərində mətbuata birgə bəyanatlarla çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki dövlət arasındakı münasibətlərə toxunaraq Türkiyə-Azərbaycan birliyinin bölgədə çox önəmli bir amil, sülh, sabitlik amili olduğunu, həmçinin İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin daha da yüksək pilləyə qalxdığını qeyd etdi.

Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərində məhkəmə-hüquq sahəsindəki əlaqələr xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Azərbaycanın və Türkiyənin Konstitusiya məhkəmələri arasında da sıx işgüzar əlaqələr və səmimi münasibətlər mövcuddur. Bu cür yaxın münasibətlərin növbəti təzahürü olaraq, Vətən müharibəsi dövründə Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Ermənistanın Azərbaycana qarşı hərbi təxribatını dəfələrlə pisləyib, Məhkəmənin kollektivi adından Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Qeyd edilməlidir ki, Vətənin müdafiəsində iştirak edən şəxslərin, əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu kateqoriyadan olan insanların, onların ailə üzvlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən bütün zəruri addımlar atılır. Məlum olduğu kimi, bu məqsədlə 2020-ci il dekabrın 8-də dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzalanıb. Bu Fondun yaradılması cənab Prezidentin əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə xüsusi diqqət yetirdiyini bir daha sübut edir.

Bu gün işğaldan azad olunan ərazilərin yenidən qurulması prosesi yüksək sürətlə aparılır. Biz bu ərazilərdə həyata keçirilən yeniliklərin şahidiyik. Qarabağda dağıdılan bütün kənd və şəhərlər tamamilə yenidən qurulur. Vətən müharibəsindən ötən müddət ərzində Qarabağda kompleks şəkildə bərpa və yenidənqurma istiqamətində genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısı olan dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması və digər bütün istiqamətlər üzrə bərpa prosesi ilə bağlı çoxşaxəli işlər həyata keçirilir. Bu ərazilərdə aparılan bərpa işləri, bir sıra nəinki yerli, eyni zamanda, beynəlxalq əhəmiyyətli infrastruktur obyektlərinin, hava limanlarının inşası və istifadəyə verilməsi Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin əyani göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxışı zamanı qeyd etmişdir: “Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilərək, işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Qeyd edilməlidir ki, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma tədbirlərinin daha səmərəli təşkilində yeni iqtisadi rayonlaşmanın xüsusi əhəmiyyəti var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya və region səviyyəsində Azərbaycanın strateji rolunun artması, bu iqtisadi rayonların dirçəlməsi, eyni zamanda, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, ölkəmizin rəqabət qabiliyyətinin və eyni zamanda, siyasi və iqtisadi qüdrətinin daha da artmasına şərait yaradacaq.

Quruculuq işlərinin aparılması ilə yanaşı, işğaldan azad edilmiş torpaqlara əhalinin qayıtması, bu prosesin təşkil edilməsi Qarabağın inkişafı ilə bağlı qarşıda duran ən vacib istiqamətlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə reallaşdırılmalı olan beş Milli Prioritet göstərilib. Nəzərdə tutulan prioritetlərdən biri məhz işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır.

İşğaldan azad olunmuş torpaqlara əhalinin qayıdışı məsələsinin növbəti illər üçün ölkənin sosial-iqtisadi inkişafına dair prioritetlərdən biri olaraq müəyyən edilməsi bu məsələnin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Müasir standartlara cavab verən yeni yol infrastrukturunun qurulması, kənd və şəhərlərin bərpası, burada ən müasir texnologiyaların və innovasiyaların tətbiqi, insanların yaşayışı üçün bütün zəruri şəraitin yaradılması, kənd təsərrüfatının tamamilə yenidən qurulması onu göstərir ki, bu torpaqlara əhalinin qayıtması üçün real zəmin yaranır.

Cari ilin mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində 200 evdən ibarət “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutub. Bu tədbir bütövlükdə Azərbaycan üçün olduqca mühüm və əlamətdar olmaqla, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın ilk addımlarından oldu. Mərhələli şəkildə həyata keçirilən bu proses cari ilin iyul ayında başlamış, sentyabrın 10-da sakinlərin köçürülməsinin ikinci mərhələsi başa çatmışdır. Ümumilikdə Ağalı kəndinə birinci mərhələdə 41 ailə olmaqla 201 nəfər, ikinci mərhələdə isə 25 ailə olmaqla 125 nəfər köçürülüb.

Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının cari ilin oktyabrın 14-də Astanada keçirilən iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qarabağ ermənilərinin taleyi məsələsinə də toxunaraq qeyd edib: “Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək”.

Dövlətimizin başçısının mühüm əhəmiyyət kəsb edən bu bəyanatı Azərbaycan Respublikasının Əsas Qanununun hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində şərtsiz tətbiq edildiyini və əbədi olaraq qüvvədə olacağını nümayiş etdirməklə, eyni zamanda, Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş fundamental hüquq və azadlıqların irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hər kəsə mənsub olduğunu bir daha göstərir.

Bu gün 30 ilə yaxın öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın bu torpaqlara qayıtması həm də onların Əsas Qanunda təsbit edilmiş hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə təmin edilməsinə şərait yaradır.

Məlum olduğu kimi, oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqa şəhərində “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclası keçirildi. Avropa ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin Avropa qitəsinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yaradılan bu platformada ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edib. Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdiyini, həmçinin bu sülh müqaviləsinin əsasının Azərbaycanın təklif etdiyi beş prinsipin təşkil etdiyini bildirib.

Eyni zamanda, Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilən Bəyanatda Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə və 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı bildirilib.

Əminliklə demək olar ki, bu cür mötəbər tədbir səviyyəsində belə nəticələrin əldə edilməsi siyasi, hüquqi, tarixi baxımdan mühüm hadisə olmaqla Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin növbəti diplomatik qələbəsidir.

Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan, keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir çağırışlar nəzərə alınmaqla daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində yüksək inkişaf dinamikasına nail olunub. Həyata keçirilən səmərəli dövlət idarəçiliyi, təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, eyni zamanda, beynəlxalq aləmdə dövlətimizin nüfuzunun artmasını təmin edib.

Ölkəmiz hər il mötəbər, beynəlxalq miqyaslı konfranslara və digər tədbirlərə, idman yarışlarına, musiqi və incəsənət festivallarına layiqincə ev sahibliyi edir. Bu cür tədbirlər öz növbəsində Azərbaycanın zəngin tarixi və mədəni irsinin, multikultural dəyərlərinin təbliğinə şərait yaradaraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldir. Bu gün Azərbaycan bir sıra beynəlxalq layihələrin, yüksək səviyyəli ikitərəfli və çoxtərəfli görüşlərin nəinki iştirakçısı, həm də təşəbbüskarı qismində uğurla çıxış edir. Bu cür beynəlxalq əhəmiyyətli tədbirlər təkcə paytaxt Bakıda deyil, eyni zamanda, müxtəlif regionlarımızda keçirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilib. Bu əlamətdar hadisə mühüm tarixi, siyasi və eyni zamanda, mədəni əhəmiyyət kəsb edir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlər regionda, eyni zamanda, beynəlxalq aləmdə böyük əks-səda yaradır. Bu tədbirlər arasında cari ilin aprelində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı xüsusi vurğulanmalıdır. Bu Qurultayın olduqca böyük tarixi mənası var. Qurultayda Azərbaycan diasporu qarşısında yeni vəzifələr qoyuldu, xaricdə yaşayan azərbaycanlıların növbəti illərdəki fəaliyyəti üçün istiqamətlər müəyyənləşdirildi.

Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş və dərin məzmunlu nitqlə çıxış edərək vurğulayıb: “…bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Ölkəmizdə müşahidə edilən davamlı inkişaf və tərəqqi, xalqımızın rifah halının daha da yüksəlməsi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, hərtərəfli düşünülmüş daxili və xarici siyasəti nəticəsində mümkün olub.

Əminliklə vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi demokratik, hüquqi dövlət quruculuğu prosesində səlahiyyətləri çərçivəsində bundan sonra da fəal iştirak edərək, Əsas Qanunun aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi işində üzərinə düşən məsuliyyətli və şərəfli missiyanı layiqincə yerinə yetirəcək.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun bizə bəxş etdiyi 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayırıq.