Home Gündəm Jalə Əliyeva: “Senatın qətnaməsi Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizliyinin...

Jalə Əliyeva: “Senatın qətnaməsi Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizliyinin bariz nümunəsidir”

999
0
SHARE
Jalə Əliyeva

Noyabrın 15-də Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə Fransa Respublikasının beynəlxalq hüquq normalarına və prinsiplərinə qarşı nümayiş etdirdiyi hörmətsizliyin və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli mövqeyinin bariz nümunəsidir.
Bununla Fransa Azərbaycan Respublikası qarşısında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” Müqavilənin əsas müddəalarını pozmaqla beynəlxalq hüququn da əsas prinsiplərini tapdamış olur. Nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə (822 saylı 30 aprel 1993; 853 saylı 29 iyul 1993; 874 saylı 14 oktyabr 1993;884 saylı 12 noyabr 1993-cü il tarixli) və BMT sədrinin altı bəyanatında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması tələb edilmişdir, deməli Fransanın bu bəyanatı  erməni separatçılığını, onların Azərbaycana qarşı ərazi iddialarını dəstəkləməkdən başqa bir mahiyyət kəsb etmir. Fransa tərəfindən Azərbaycan qüvvələrinin beynəlxalq səviyyədə tanınan ərazimiz olan, qətnamədə “Laçın dəhlizi” kimi qeyd olunan ərazilərdən çıxarılmasına dair tələbin irəli sürülməsi qətnamənin beynəlxalq hüquqa nə dərəcədə zidd olduğunu göstərməklə yanaşı, onun müəlliflərinin və dəstəkçilərinin yerdəki vəziyyətdən bixəbər, erməni “qara təbliğat” maşınının əlində alət olduğunu açıq şəkildə göstərir. Yəni Fransa hökuməti bu addımla nəinki beynəlxalq hüquq normalarını pozur, eləcə də işğalçı qüvvələri dəstəkləməklə regionda vəziyyəti daha da gərginləşdirir və sülhə deyil, qarşıdurmaya səbəb olur. Bu qətnamənin ideya müəllifləri və dəstəkçiləri unutmasınlar ki, terror, işğal, təcavüz sərhəd tanımır. Və bu gün ciddi-cəhdlə müdafiə etdikləri və qəbuluna çalışdıqları “ideyalar” sabah bütün dünya üçün qarşısıalınmaz təhlükəyə çevrilə bilər.