Home Gündəm Məlahət İbrahimqızı: “Azərbaycanla Albaniya beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində əlaqələr getdikcə inkişaf edərək...

Məlahət İbrahimqızı: “Azərbaycanla Albaniya beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində əlaqələr getdikcə inkişaf edərək daha da möhkəmlənir”

484
0
SHARE

“Mətbuatdan da xəbər verildiyi kimi, bugünlərdə möhtərəm Prezident İlham Əliyev Albaniyada rəsmi səfəri olmuşdur. Bildiyimiz kimi Albaniya Balkanlarda, keçmiş Yuqoslaviyaya daxil olan ən önəmli və strateji ölkələrdəndir. Qeyd etmək istərdim ki, Azərbaycanla Albaniya arasında hər iki ölkə üçün çox səmərəli və faydalı münasibətlər var və hər iki ölkə bu əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Möhtərəm Prezidentimiz də Albaniya ilə görüşü zamanı çıxışında bu əlaqələri xüsusi vurğulayaraq, Albaniyanın əvvəlki prezidentləri ilə də konstruktiv siyasi dialoq olduğunu və eləcə də onların, hətta son Prezident Metanın və hazırkı Baş Nazirin Azərbaycana səfərlərini xatırlatmışdır.


Ümumiyyətlə Azərbaycanla Albaniya istər ikitərəfli, istərsə də çoxtərəfli və beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində əlaqələr getdikcə inkişaf edərək daha da möhkəmlənir. Bildiyimiz kimi Albaniyanın da müstəqil dövlət kimi yaşı təxminən Azərbaycan kimi gəncdir. Yəni dövlətçilik tariximizdə oxşarlıqlar var. Yuqoslaviya parçalandıqdan sonra Albaniya müstəqillik əldə edibdir. Bu mənada Albaniya və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyibdir. Xüsusi qeyd etməliyəm ki, Albaniya ötən dövr ərzində Azərbaycanın haqlı davası olan Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycanın yanında olubdur. Biz bunu Vətən müharibəsi zamanı da şahidi olduq. Ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə şahidi olduq. Belə ki, 44 günlük Vətən müharibəsi zamanı Albaniya rəsmilərinin bəyanatlarında açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirirdilər. Möhtərəm Prezidentimiz çıxışında beynəlxalq təşkilatların fəaliyyətsizliyini tənqid edərək, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan erməni işğalı altında olan tarixi torpaqlarımızı azad edilməsi, işğaldan azad edilmiş ərazilərdə törədilmiş böyük cinayətlər, qanunsuz məskunlaşma, bütün yaşayış məskənlərinin darmadağın edilməsi, bu torpaqlarda mövcud olmuş 67 məsciddən 65-nin məhv edilməsi, qalan iki məsciddə isə heyvanlar saxlanılması haqqda ətraflı məlumat verdi. Hazırda Azərbaycanın dövlət bayrağının dalğalandığı işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən möhtəşəm infrastruktur layihələr
haqda məlumat verdi.

Bugün fəxrlə deyə bilərik ki, artıq öz bəhrəsini vermiş Qarabağın dirçəlişi bə “Böyük Qayıdışın” ilk karvanları haqda həm bölgədə, həm də beynəlxalq ictimaiyyətdə, dünya mətbuatında təqdirlə müzakirə edilir. Bildiyimiz kimi qısa müddət ərzində hətta Qarabağda iki beynəlxalq havalimanı daxil enerji layihəsindən, nəqliyyat və loqistik layihələr gerçəkləşdirilmişdir. Ümumiyyətlə səfər çərçivəsində Azərbaycanla Albaniya arasında iqtisadiyyat və sənaye sahəsində müştərək layihələrin həyata keriçirilməsindən Azərbaycanın qaz təsərrüfatı sahəsində böyük təcrübəyə malik olması ilə Albaniyada bu sahədə investor kimi iştirakı edə bilməsinədək bir sıra məsələlər müzakirə edildi. Məlumat üçün bildirim ki, Avropada yerləşən və NATO ölkəsi olan Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Səfər çərçivəsində keçirilən görüş zamanı Albaniyanın Prezidenti də çıxışında ölkəmizlə iqtisadi, sənaye sahəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, hər iki ölkənin şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahəsində möhkəm əlaqələrin vacibliyini və bunun üçün əlverişli şəraitin olmasını qeyd etdi.


Bildiyimiz kimi Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında hər iki ölkə çox mühüm rol oynayır. Qeyd etmək istərdim ki, bugünədək ölkəmizin və Avropa İttifaqının sədrliyi ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya təmsilçiləri çox fəal iştirak ediblər. Fəxrlə deməliyik ki, möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Məlumdur ki, bu il Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Bu Memoranduma görə 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatının iki dəfə artırılması nəzərdə tutulur. Bu məqsədlə də Azərbaycanın mənsub olduğu zəngin qaz ehtiyatlarının Avropa ölkələrinə çatdıtılması üçün həm TAP, həm TANAP qaz kəmərləri iki dəfə genişləndirilməlidir. Artıq Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və bu tərəfdaşlıq çərçivəsində də texniki şərtlər müzakirə edilir. Hər iki ölkənin dövlət başçıları çıxışında ölkələrimizin bir-birinə verə biləcəyi dəstək, yardım və xoşgörü dostluq və əməkdaşlığın yeni istiqamətləri müzakirə olundu. Möhtərəm Prezidentimiz Albaniyanın NATO üzvü olduğunu və Azərbaycanın isə NATO ilə əməkdaşlığını vurğulayaraq, bu sahədə də sıx əməkdaşlığın mühüm əhəmiyyətə malik olmasını qeyd etdi. Yekun olaraq onu qeyd etmək istərdim ki, səfər hər iki ölkə üçün qarşılıqlı faydaya malikdir”.