Home Gündəm Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib

Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edilib

16
0
SHARE

Noyabrın 18-də Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

TAN.AZ xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Gürcüstandan dəvət olunmuş qonaqlar, Azərbaycanda akkreditə olunmuş diplomatik heyətin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri mərasimə qatılıblar.

Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iki ölkə arasındakı əlaqələrdən danışaraq bildirib ki, xalqlarımızı və ölkələrimizi çoxəsrlik dostluq, mehriban qonşuluq əlaqələri birləşdirir. Qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyi vurğulanıb. Z.Pataradze qeyd edib ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb.

Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dost və qonşuluq münasibətlərinin daha da inkişaf etdiyini diqqətə çatdıran diplomat ikitərəfli strateji tərəfdaşlığımızın bundan sonra da uğurla davam edəcəyindən əminliyini ifadə edib.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz get-gedə möhkəmlənir. Prezident İlham Əliyevin Gürcüstana səfərindən sonra iki ölkə arasında əlaqələrin yeni mərhələsinin əsası qoyulub. Azərbaycanın Gürcüstanla əməkdaşlığının əhəmiyyətinə toxunan nazir müxtəlif sahələrdə həyata keçirilən birgə uğurlu layihələrdən danışıb. “Birgə həyata keçirdiyimiz layihələr nəinki ölkələrimizin, regionun inkişafına öz təsirini göstərir. Biz böyük imkanları reallaşdırmaq üçün əzmlə səylərimizi davam etdiririk”, – deyə Rəşad Nəbiyev diqqətə çatdırıb. Vətən müharibəsində Zəfərindən sonra Azərbaycanın regionda yeni reallıq yaratdığını deyən nazir iki ölkə arasında dostluq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyini vurğulayıb.

Təntənəli tədbir ziyafət və konsert proqramı ilə davam edib.