Home Gündəm Prezident İlham Əliyev: Bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa...

Prezident İlham Əliyev: Bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib

16
0
SHARE

Bizim hələ 1990-cı illərin ortalarında Ulu Öndərin təşəbbüsü ilə başlanmış neft-qaz layihələri indi görün nə qədər geniş vüsət almışdır. Hətta onun müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri əsas rol oynamışdır. Amma ondan sonrakı layihələr bizim imkanlarımızı böyük dərəcədə genişləndirdi və bu gün Azərbaycan bir çox ölkələr üçün əvəzolunmaz tərəfdaşa çevrilib.

TAN.AZ xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında söyləyib.

“Bu gün dünyada gedən proseslər bunu göstərir ki, enerji təhlükəsizliyi təhlükəsizliyin əsas amillərindən biridir. Bu olmadan heç bir ölkə özünü təhlükəsiz saya bilməz. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, – mən heç kimlə müqayisə aparmaq istəmirəm, – o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox. Ona görə Azərbaycanda bu sahədə aparılan işlər həm ölkə iqtisadiyyatını gücləndirdi, eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə cəmiyyətdə bölüşdürüldü. İlk növbədə ən həssas qruplar bu imkanlardan faydalandılar, o cümlədən keçmiş məcburi köçkünlər. Məhz onlar Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş 300 mindən çox ev və mənzillə təmin edilmişdir”, – deyə dövlətimizin başçısı bildirib.

Eyni zamanda, neft-qaz layihələri bizim beynəlxalq mövqelərimizi də gücləndirdiyini qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, xüsusilə indiki şəraitdə Azərbaycanın infrastrukturu, nəqliyyat, enerji infrastrukturu bir çox ölkələr üçün həyati əhəmiyyət kəsb edir: “Əlbəttə ki, geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır”.